Doktoranturaya qəbul qaydaları açıqlanıb
07 İyul 2010 Çərşənbə 14:05
Doktoranturaya ilk qəbulun payızda aparılması nəzərdə tutulur.
Azərbaycanda fəaliyyət göstərən ali və elmi təhsil müəssisələrinin hansılarında doktoranturaya qəbulun mümkün olub-olmaması Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyinin rəyləri, Nazirlər Kabinetinin qərarı əsasında müəyyənləşəcək. Bu barədə APA-ya AMEA-nın Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu Nazirlər Kabinetinin bu günlərdə təsdiqlədiyi “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” haqqında məlumat verərkən deyib. Onun sözlərinə görə, doktoranturaların yaradılması haqqında vəsatət ali təhsil müəssisələrinin və elmi təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən Nazirlər Kabinetinə təqdim edilməlidir.

S. Abbasoğlu deyib ki, doktoranturada təhsil müvafiq proqramlar əsasında həyata keçiriləcək. Doktoranturada istehsalatdan ayrılmaqla əyani və istehsalatdan ayrılmamaqla qiyabi formada təhsil almaq nəzərdə tutulur. Doktoranturalara təhsili həyata keçirən ali təhsil müəssisələri, elmi təşkilatlar yüksək səviyyəli elmi və elmi pedaqoji kadr hazırlığını dissertantura yolu ilə də həyata keçirə biləcək: “Dissertantlıq yolu əvvəl var idi, yenə də saxlanılıb. Bundan sonra doktorantura ilə yanaşı, dissertantlıq yolu ilə kadr hazırlığını aparmaq mümkün olacaq”.

Elmi katibin bildirdiyinə görə, fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3, qiyabi təhsilin müddəti 4 , dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4, qiyabi 5, dissertantlıq yolu ilə 3 ildir. Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsilin müddəti qanunvericiliyə uyğun olaraq, uzadıla da bilər.

Daha bir yenilik haqqında məlumat verən S. Abbasoğlu qeyd edib ki, doktoranturada dissertantlıq yolu ilə təhsilini başa çatdıran məzunlara təhsil aldıqları müəssisənin müvafiq arayışı və yaxud imtahanların verilməsi haqqında vəsiqəsi veriləcək: “Əgər kimsə doktoranturanı bitirib müdafiə etməyibsə də, ona bu təhsilin mərhələsini keçməsi haqqında bir arayış veriləcək. Bu arayış müsabiqə əsasında işə götürülməyə, kadr seçimində həmin şəxsə üstünlük verməyə imkan yaradacaq”.

AMEA nümayəndəsi əlavə edib ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan, yaxud ali təhsilin ya magistratura səviyyəsini bitirən, ya da təhsili ona bərabər tutulan (əvvəllər 5 illik təhsil alanlar), tibbi təhsildə həkim və tibbi mütəxəssislər müraciət edə bilərlər. Doktoranturaya Azərbaycan vətəndaşları müsabiqə əsasında qəbul olunacaq. Doktoranturanın tam kursunu bitirən şəxs təkrar eyni ixtisas üzrə başqa doktoranturaya qəbul oluna bilməz.

S. Abbasoğlu qeyd edib ki, doktoranturaya sənəd qəbulunun payızda aparılması nəzərdə tutulur. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar