Dillər Universitetində İtalyan dili həftəsi keçirilir
16 Oktyabr 2012 Çərşənbə Axşamı 14:12
Azərbaycan Dillər Universitetində (ADU) XII dünya italyan dili həftəsinə start verilib.
ADU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açılış mərasimində ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinin müdiri Zeynab Kazımova, İtalyan dili kafedrasının müdiri Kəmalə Əliyeva, İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi, Milan Dil Məktəbinin professoru Silvia Vassalo və Tərcümə fakültəsinin italyan dili ixtisasında təhsil alan tələbələr iştirak edib.

İtaliya səfirliyi və ADU-nun İtalyan dili kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən səfir Mario Baldi İtaliya-Azərbaycanın münasibətlərindən, o cümlədən təhsil və mədəniyyət sahələrindəki əlaqələrin əhəmiyyətindən danışıb. Diplomat ADU ilə İtaliyanın ali təhsil ocaqları arasındakı qarşılıqlı əməkdaşlıq münasibətlərin gələcəkdə də artan temp üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Daha sonra Milan Dil Məktəbinin professoru Silvia Vassalonu tədbir iştirakçılarına təqdim edən səfir bildirib ki, S.Vassalo tərcüməçiliklə yanaşı, pedaqoq kimi də fəaliyyət göstərir.

Sonra professor S.Vassalo ADU-nun Tərcümə fakültəsinin italyan dili ixtisasında təhsil alan tələbələrə seminar keçib. O, seminarda tərcümə peşəsinin xüsusiyyətləri, dillər arasında oxşar və fərqli cəhətlərdən danışıb. İtaliyalı professorun seminarları oktyabrın 19-a kimi davam edəcək.

Qeyd edək ki, bununla yanaşı, bu gün İsveçrənin və İtaliyanın Azərbaycandakı səfirliklərinin birgə təşkilatçılığı ilə 2 sənədli film nümayiş olunacaq. ADU-nun italyan dili ixtisasında təhsil alan tələbələrlə İtaliya səfirliyinin əməkdaşları arasında keçiriləcək futbol üzrə yoldaşlıq oyunu isə oktyabrın 17-də baş tutacaq. Növbəti gün italyan rejissor Emmanuel Krialezenin “Terraferma” filmi təqdim olunacaq. Oktyabrın 19-da digər italiyalı professor Maria Cuzeppina Karbona italyan dilinin dialektlərindən tələbələrə seminar keçəcək. “İtalyan dili həftəsi”nə həmin gün ADU tələbələrinin italyan dilində hazırladıqları tamaşanın nümayişi ilə yekun vurulacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar