Çingiz Mustafayev adına Uşaq Düşərgəsində diskoteka
21 İyun 2010 Bazar Ertəsi 17:20
ANS Şirkətlər Qrupu düşərgədə dincələn uşaqlar üçün şənlik təşkil etdi.
Çingiz Mustafayev adına Uşaq Düşərgəsində dincələn uşaqlar üçün əyləncəli tədbir keçirildi. ANS PRESS-in məlumatına görə, tədbir ANS Şirkətlər Qrupunun təşkilatçılığı ilə baş tutub.

ANS - ÇM radiosunun tanınmış aparıcısı Aytən Səfərovanın aparıcılıq etdiyi şənlikdə sevilən müğənnilər Xumar Qədimova, Rəhim Rəhimli və Sevda Yəhyayeva uşaqların qonağı olub. Sənətçilərin iştirakı uşaqları çox sevindirdi. Onlar tanınmış müğənnilərlə fotolar çəkdirdilər, onlardan avtoqraflar aldılar.

ANS ÇM-in direktoru Sevda Həsənova uşaqlar arasında kiçik əyləncəli yarış keçirdi. Yarışın qalibinə "Bakıfilm"in istehsalı olan “Seçilən” filminin maykası hədiyyə edildi. Tədbirin davamı olaraq tanınmış DJ Çingiz Mustafayevin iştirakı ilə diskoteka təşkil edildi. Uşaqlar saat 22:30-dək musiqi sədaları altında rəqs etdilər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən, Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan Uşaq Düşərgəsində mövsüm müddətində hər ay bu kimi tədbirlər təşkil edilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar