Azərbaycan dili imtahanının nəticələri açıqlandı
24 May 2010 Bazar Ertəsi 18:05
Azərbaycan dili imtahanının nəticələri açıqlandı. 10828 abituriyentdən 6 nəfər imtahandan xaric edilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 23-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Lənkəran və Quba şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən keçirilən imtahanın nəticələrini açıqlayıb. TQDK imtahan nəticələrini təhlil edərək “Azərbaycan dili” imtahanında 12 və daha çox bal toplayan abituriyentlərin “məqbul” la qiymətləndirilməsi barədə qərar qəbul edib.

İmtahanda iştirak etmək hüququ olan 11042 abituriyentdən 214 nəfəri imtahana gəlməyib. Abituriyentlərdən 9324 nəfəri qeyd olunan olunan müsabiqə şərtini ödəmiş və “məqbul” qiyməti alıb. İmtahan qaydalarını pozduğuna görə 6 nəfər imtahandan xaric edilib və nəticələri ləğv olunub. Abituriyentlərdən 2 nəfəri imtahan binasına mobil telefon keçirməyə cəhd göstərdiklərinə görə barələrində akt tərtib olunub və onlar imtahana buraxılmayıblar.

Bakı şəhərində keçirilən imtahanda abituriyentlərdən 1 nəfəri zal nəzarətçisindən ona köməklik göstərilməsini tələb edib, rədd cavabı aldıqda isə nəzarətçini kobud şəkildə təhqir edib, imtahanın gedişinə mane olub. Həmin abituriyentin nəticəsi ləğv edilib və TQDK ona qarşı müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı orqanlara müraciət edib.

Cavab kartlarının emalı zamanı xüsusi kompüter proqramları vasitəsilə aparılan araşdırmalar nəticəsində imtahanda 18 nəfərin köçürməyə yol verdikləri aşkar edilib, qəbul qaydalarına uyğun olaraq həmin abituriyentlərin nəticələri ləğv olunub.

İmtahanın nəticələr bu gün saat 17:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.

Qeyd edək ki, mayın 23-də keçirilən imtahandan “qeyri-məqbul” qiyməti alan və ya bu imtahanda iştirak etməyən abituriyentlər iyunun 20-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar