Avropada təhsil alan azərbaycanlı tələbələrin Vyana Forumu başa çatdı
28 Oktyabr 2012 Bazar 00:30
Forumda Ermənistan-Azərbaycan münaqişəsi əsas müzakirə mövzusu olub.
Oktyabrın 26-27-də Avropa dövlətlərində təhsil alan azərbaycanlı tələbələrin Vyana Forumu keçirilib. Forumun ikinci iş günü təşkil edilmiş ilk sessiyada Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi, humanitar və digər aspektləri ilə bağlı məruzələr dinlənilib.

Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini, beynəlxalq hüquq üzrə ekspert Tofiq Musayev Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi aspektlərindən bəhs edib, Azərbaycanın Dağlıq Qarabağ regionunun hüquqi statusu, münaqişənin beynəlxalq hüququn norma və prinsiplər əsasında nizamlanması, beynəlxalq təşkilatların münaqişəyə verdiyi hüquqi qiymət, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyi barədə məlumat verib.

Milli Məclisin deputatı Rövşən Rzayev “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması” İctimai Birliyinin yaranması və fəaliyyəti, xalq diplomatiyasının münaqişənin həllinə verə biləcəyi töhfə barədə danışıb, münaqişənin humanitar aspektləri ilə bağlı fikirlərini bölüşüb.

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov münaqişə ilə bağlı dünyanın aparıcı beyin mərkəzləri, araşdırmaçıları ilə aparılan iş, xarici ekspertlərin iştirakı ilə reallaşdırılan layihələr, həm münaqişə dövrü, həm də postkonflikt dövr üçün diqqətdə saxlanılmalı olan strateji istiqamətlər barədə çıxış edib.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏT GF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının koordinatorları Nicat Məmmədli və Sevinc İsgəndərova Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında tələbə və gənclərin işinin təşkili, fəaliyyət istiqamətləri barədə fikirlərini bildirib, kampaniya haqqında interaktiv təqdimatla çıxış ediblər.

Vyanada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin üzvləri Ramin Şükürov və Razim Saidov Vyana Forumunun gələcəkdə davamlı xarakter almasına xidmət edəcək konsepsiyanı təqdim ediblər.

Günün ikinci yarısında isə münaqişənin həllinə dair beynəlxalq ictimaiyyətin baxışları və Azərbaycanın mövqeyinin möhkəmlənməsində gənclərin rolu mövzusunda sessiya keçirilib.

Müdafiə Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin direktoru, səfir Metyu Brayza, “Turkish Policy Quarterly” məcmuəsinin baş redaktoru Nigar Göksəl, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) icraçı direktoru Adil Bağırov beynəlxalq aləmdə münaqişə ilə bağlı düşüncələr, mövcud stereotiplər, ikili standartlar, diaspor işinin təşkili, Azərbaycanın xaricdə təbliği üçün seçilməli olan əsas mövzular ətrafında çıxış ediblər.

Sonra forumun işi sual-cavab formasında davam etdirilib.

Bununla da Vyana forumu başa çatıb.









DOSTLARINLA PAYLAŞ:

oyunlar