Ali məktəblərə sənəd qəbulunun vaxtı bəllidir
24 Fevral 2010 Çərşənbə 14:20
Ali məktəblərə sənəd qəbulu aprel ayında başlayacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010-2011-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul qaydalarını açıqlayıb. Qurumun sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ali məktəblərə sənəd qəbulu apreldə başlayacaq. Qəbul imtahanları isə iyunun axırı, iyulun əvvəlində keçiriləcək.

M.Abbaszadə qeyd edib ki, orta ixtisas məktəblərinə ümumi orta təhsil bazasından qəbul olunmaq istəyən abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyatdan, hərbi liseylərə qəbul olunmaq istəyənlər isə Azərbaycan dili, riyaziyyat, fizika və kimyadan imtahan verəcək.

TQDK sədrinin sözlərinə görə, hazırda istifadədə olan test tapşırıqları yeniləri ilə əvəz olunacaq. Bu ildən abituriyentlər və müəllimlər həmin test tapşırıqları ilə tanış ola bilmək imkanı əldə etsələr də onların tətbiqi 2011-ci il üçün nəzərdə tutulub.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) “Abituriyent” jurnalının birinci sayının da təqdimatı keçirilib. Jurnalda 2010-2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları, qəbul imtahanı proqramları, hərbi liseylərə qəbul imtahanı proqramları, test tapşırığı nümunələri, açıq testlərə dair nümunələr, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları, qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirələri, test tapşırıqlarının düzgün cavabları və balların hesablanma qaydaları ilə bağlı məlumatlar yer alıb. ANSPRESS 


DOSTLARINLA PAYLAŞ:

oyunlar