Ali məktəblərə pulsuz hazırlıq kursları
13 Fevral 2010 Şənbə 16:50
“Dirçəliş” Cəmiyyəti aztəminatlılara pulsuz hazırlıq kursları təşkil edəcək
“Dirçəliş” İqtisadi Araşdırmalar Cəmiyyəti Bakının Sahil qəsəbəsində yaşayan aztəminatlı ailələrdən olan 11-ci sinif şagirdləri və ötən il məktəbi bitirənlər üçün fizika, kimya, riyaziyyat, biologiya, ingilis dili fənləri üzrə pulsuz kursları davam etdirəcək. Bu barədə ANS PRESS-ə cəmiyyətin prezidenti Vasib Sadıqov məlumat verib.

Onun sözlərinə görə, aztəminatlı ailələrdən olanlara pulsuz təhsil kursları artıq üçüncü ildir ki, təşkil olunur: “Öncəki illərdə Sahil Biznes Resurs Mərkəzində kursların təşkili üçün “Sosial Reabilitasiya Mərkəzi” yaradılıb, mərkəz zəruri avadanlıqlarla təchiz olunub. Mərkəzdə aztəminatlı ailələrin üzvləri üçün işə düzəltmə ilə bağlı treninqlər keçirilib, nəticədə 70 nəfərdən artıq aztəminatlı iş yeri əldə edə bilib. Ötən il isə pulsuz kursların məzunlarından 16 nəfəri müxtəlif ali məktəblərə qəbul edilib”.

Bu il görüləcək işlərdən danışan V. Sadıqov növbəti qəbul imtahanlarınadək aztəminatlılar üçün pulsuz hazırlıq kurslarının davam etdiriləcəyini deyib.

"Kurslara təcrübəli pedaqoqlar olan fizika-riyaziyyat, kimya, biologiya elmləri namizədləri və təcrübəli ingilis dili müəllimləri cəlb olunub. İştirakçıların uyğun fənləri daha faydalı qavraya bilmələri üçün onların arasında kiçik qruplar təşkil olunacaq. Kurslar xüsusi metodikanın tətbiqi ilə testləşdirilmiş üsulla həyata keçiriləcək, fənnlər üzrə ali məktəblərə qəbul imtahan proqramını tam əhatə edəcək. İştirakçılarının hazırlığını müəyyənləşdirmək üçün aralıq və yekun test imtahanları həyata keçiriləcək.

V.Sadıqov “Qaradağ Sement” ASC-nin maliyyə dəstəyi ilə gerçəkləşən bu layihə çərçivəsində Sahil qəsəbəsində yaşayan aztəminatlı ailələrin böyük bir qisminin ali təhsil problemlərinin həllini tapacağını deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar