Ali məktəblərə ərizə verən abituriyentlərin sayı azalıb
03 İyun 2011 Cümə 14:37
Azərbaycanda bu il ali məktəblərə qəbul olunmaq üçün sənəd verən abituriyentlərin yekun sayı açıqlanıb
Bu il ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün 110 423 abituriyent ərizə verib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib ki, bu il ali məktəblərə qəbul imtahanlarına ərizə verən abituriyentlərin sayı ötən illə müqayisədə 1,85 faiz, yəni 20 085 nəfər azalıb. Abituriyentlərin 99 190-nı Azərbaycan, 11 233-ü rus bölməsi üzrə sənəd verib. Ümumilikdə bu il 1-ci ixtisas qrupuna 34 988, 2-ci ixtisas qrupuna 27 068, 3-cü ixtisas qrupuna 32 859, 4-cü ixtisas qrupuna 15 508 nəfər sənəd verib. Builki abituriyentlərin 50,38 faizini oğlanlar, 49,62 faizini qızlar təşkil edir.

Son illərdə ilk dəfə olaraq bu il qəbul imtahanlarında iştirak etmək üçün sənəd verən oğlanların sayı qızlara nisbətən bir qədər çoxdur. Sənəd verənlərin 57,17 faizi orta məktəbləri bu il bitirən abituriyentlərdir. Ötən il bu göstərici 55,63 faiz olub.

TQDK-nın sədri M.Abbaszadə deyib ki, 2011-2012-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında 4-cü ixtisas qrupunda dövlət sifarişli plan yerlərində, xüsusilə tibb ixtisasları üzrə yerlərdə yüksək müsabiqə vəziyyəti yaranacaq. Həmin ixtisaslara qəbul üçün 600-dən yuxarı bal toplanılması lazım olacaq. Bu il tibb ixtisasları üzrə 1500-ə yaxın plan yeri ayrılıb. 1-ci ixtisas qrupuna sənəd verənlərin sayı ötən illə müqayisədə 781 nəfər azalıb. Bu ixtisas qrupu üzrə müsabiqə vəziyyətinin elə də yüksək olacağı gözlənilmir. Əsas müsabiqə vəziyyəti dövlət sifarişli plan yerləri üzrə olacaq. Həmin qrupda dövlət sifarişli plan yerlərinin sayı 4136-dır. Bu il ötən illə müqayisədə 2-ci ixtisas üzrə sənəd verənlərin sayı 1000, 3-cü ixtisas qrupu üzrə isə 458 nəfər azalıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar