ADU-da Rus dili mərkəzi açılacaq
13 Fevral 2010 Şənbə 16:10
Səməd Seyidov Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxini qəbul edib. ADU-da Rus dili mərkəzi açılacaq.
Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini qəbul edib. Görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərindən söz açılıb. İkitərəfli münasibətlərdə mədəniyyət, elm və təhsil sahəsinin xüsusi önəm daşıdığını bildirən Rektor Səməd Seyidov ADU-da müxtəlif xalqların mədəniyyətini tədqiq edən mərkəzlərin fəaliyyət göstərdiyini deyib. O, gələcəkdə universitetdə Rus dili mərkəzinin də açılmasının ölkələr arasındakı mədəni əlaqələrin inkişafına öz töhfəsini verə biləcəyini bildirib.
Səfir V. Doroxin professor Səməd Seyidovun bu təşəbbüsünü müsbət qiymətləndirib.

Daha sonra səfir tələbələr ilə görüşüb. Səməd Seyidov qeyd edib ki, Rusiya Azərbaycan üçün həm də dünya mədəniyyətində oynadığı rol nöqteyi-nəzərdən vacib ölkədir: “Dostoyevski, Puşkin, Toltsoy və Turgenev kimi dahiləri tanımamaq, dünya mədəniyyəti ilə tanış olmamaq deməkdir”.
Doroxin də Azərbaycan mədəniyyətinin zənginliyindən söz açıb. Səfir, Müslim Maqomayev, Polad Bülbüloğlu və Rəşid Behbudov kimi dahi sənətkarların mahnılarının Rus xalqı tərəfindən çox sevildiyini bildirib və Azərbaycan xalqının zəngin mədəniyyətə malik ölkə olduğunu deyib.

“Azərbaycan xalqında olan böyüklərə, qadınlara və uşaqlara diqqət və sevgi məni heyran edir”, deyə Doroxin qeyd edib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar