131 tələbə ARDNŞ təqaüdü alacaq
27 May 2009 Çərşənbə 13:20
Təqaüd əsasən Qaz-neft-mədən, Geoloji kəşfiyyat, Mexanika, Kimya-texnologiya, Avtomatika və İKT, Ekologiya və s. ixtisaslar üzrə təhsil alan tələbələrə veriləcək

 

Azərbaycanda təhsil alan 131 tələbə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təqaüdünə layiq görülüb. ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bunlar Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti, Moskva Dövlət Universiteti (Bakı filialı), Qafqaz Universiteti və Azərbaycan Texniki Universitetində Qaz-neft-mədən, Geoloji kəşfiyyat, Mexanika, Kimya-texnologiya, Avtomatika və İKT, Ekologiya, Energetika, İqtisadiyyat və Boru Kəmərləri ixtisas qrupları üzrə təhsil alan tələbələrdir.

Xatırladaq ki, 7-21 may tarixlərində ARDNŞ-in inzibati binasında ali təhsil müəssisələrinin tələbələrinə Şirkətin təqaüdünün verilməsi üzrə müsabiqənin 2-ci turu keçirilib. Bu mərhələdə məntiq imtahanından uğurla keçmiş 190 tələbə xüsusi komissiya tərəfindən müsahibə edilib.

Bundan başqa, bakalavr və magistratura pilləsinin son kurslarında təhsil alan təqaüdçülərə və müsabiqə zamanı yüksək nəticələr göstərmiş namizədlərə ARDNŞ-də işləmək təklif olunacaq. Artıq birbaşa təyinat əsasında Şirkətə işə qəbul olunması nəzərdə tutulan ARDNŞ təqaüdçülərinin mənzil-uçot məsələsinin həlli üçün müvafiq normativ sənədlərin hazırlanması haqda göstəriş verilib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar