Xocəsən bələdiyyəsinin sədri həbs edilib
02 Aprel 2009 Cümə Axşamı 22:05
O, dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsinə dair qanunsuz qərar qəbul etməkdə, külli miqdarda özgə əmlakını mənimsəmkdə təqsirləndirilir

 

Bakı şəhəri, Binəqədi rayonunun Xocəsən bələdiyyəsinin sədri Zəfər Məsimov həbs edilib.
Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılmış istinraq tədbirləri nəticəsində məlum olub ki, o, Xocəsən bələdiyyəsinin sədri vəzifəsində işləyərkən, fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılmasına dair vətəndaş Qasımova Esmira Nazim qızının 2007-ci il 21 noyabr tarixli ərizəsinin kollegial orqan olan bələdiyyə iclasında müzakirəsini təmin etməli olduğu halda bunu etməyib, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı, “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddələrinin tələblərini pozmaqla, Xocəsən bələdiyyəsinin mülkiyyətində olan 56.25 hektar torpaq sahəsinin sərhədlərindən kənarda, dövlət mülkiyyətinə məxsus ərazilərə aid olan, mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul etməyə səlahiyyəti olmadığı halda 400 kvadratmetr torpaq sahəsinin E.Qasımovanın mülkiyyətinə verilməsinə dair sədri olduğu bələdiyyənin adından 2007-ci il 23 noyabr tarixli 31/27 saylı qərar qəbul edib, lakin həmin torpaq sahəsinin E.Qasımovaya deyil, Neftçala rayonunun Mirqurbanlı kəndində qeydiyyatda olan Dadaşov Xanlar Gülağa oğlunun faktiki istifadəsinə verilməsini təşkil edib.
Bundan başqa o, sədri olduğu bələdiyyənin büdcəsindən maliyyə vəsaitlərinin ayrılmasına dair məsələləri kollegial orqan olan bələdiyyə iclasında müzakirəsini təmin etməli olduğu halda bunu etməyib, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin tələblərinə zidd olmaqla sədri olduğu bələdiyyənin adından qəbul etdiyi 2007-ci il 26 dekabr tarixli 33/31 saylı qərar əsasında Yeni il bayramı ilə əlaqədər Xocəsən, Sulutəpə, 28 May qəsəbələrində yaşayan 1200 aztəminatlı, şəhid və əlil ailələrinin uşaqlarına bayram hədiyyələrinin alınması adı ilə 9.600 manat, bələdiyyə sakinlərinin istirahət etdiyi yerlərdə Yeni il yolkalarının bəzədilməsi adı ilə 1.900 manat, bələdiyyə üzvlərinə, qulluqçularına və dəvət olunan qonaqlara Yeni il şənliyinin təşkil olunması adı ilə 3.500 manat, ümumilikdə 15.000 manat maliyyə vəsaitinin ayrılmasına dair 2007-ci il 26 dekabr tarixli 78 saylı sərəncam verib, həqiqətdə isə həmin sərəncam əsasında qeyd edilən 15.000 manatı bələdiyyənin xəzinəsindən götürüb mənimsəyib.
Törətdiyi əməllərinə görə Z.Məsimov Azərbaycan Respublikası CM-in 179.3.2-ci, 309.1-ci və 314.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilməsi və məsuliyyətə cəlb olunması üçün müvafiq istintaq hərəkətləri davam etdirilir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar