Xınalıq kəndində 112 evin dam örtüyü bərpa edilir
19 Avqust 2011 Cümə 14:52
Xınalıq kəndində 112 evin dam örtüyü bərpa edilir

  Xınalıq kəndində 112 evin dam örtüyü Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bərpa edilir. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məlumat verib. O bildirib ki, kompleks görülən işlərdə məqsəd kəndin tarixi görkəmini qoruyub saxlamaqdır və artıq bu günədək qəza vəziyyətində olan 85-ə yaxın evdə təmir-bərpa işi başa çatdırılıb.

Xınalığa müasir tələblərə uyğun yol çəkildikdən sonra kənd sakinləri öz evlərini müxtəlif üsullarla fərdi şəkildə təmir etməyə başlayıblar: “Bu da kəndin unikal tarixi görkəminin itməsi ilə nəticələnə bilərdi. Mədəniyyət və Turizm Nazirliyi vəziyyətin ciddiliyini nəzərə alaraq xüsusi komissiya yaradıb, Xınalıqdakı təmirə ehtiyacı olan evlərin tarixi görkəmini saxlayaraq bərpa olunması üçün zəruri addımlar atıb”.

Kənddə qəza vəziyyətində olan Cümə məscidinin bərpası üçün “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun mütəxəssisləri tərəfindən layihə hazırlanıb. Təmir-bərpa işlərinin bu ilin sonunadək başa çatacağı bildirilir. Mətbuat katibinin sözlərinə görə, Xınalıq kəndində həm də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kəşfiyyat tipli arxeoloji qazıntı işləri aparılır. “Xınalıq” dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun ərazisində qədim yaşayış məntəqəsi və 1 ədəd kurqan aşkarlanıb. Tapıntıların tunc dövrünə - e.ə. III-II minilliklərə aid olması ehtimal edilir.

Qeyd edək ki, kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. Tezliklə mağaralarda arxeoloji qazıntılar aparılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar