Oğuz rayonunda güclü yanğın baş verib
17 İyul 2009 Cümə 20:50
Əsasən biçilməmiş otlaq sahələrini əhatə edən yanğın Şəki rayonu ərazisinə keçib

 

Bu gün Oğuz rayonunda güclü yanğın baş verib. Rayon sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, yanğın əsasən rayonun Yaqublu kəndi ərazisindəki mal-qara saxlanılan yataqları əhatə edib. Hadisə nəticəsində 10-dək yaşayış evinin də yandığı bildirilir.

Sarıca düzü adlanan ərazidə mal-qaranın saxlanıldığı damlar yanıb. Həmçinin heyvanlara da ziyan dəydiyi bildirilir. Böyük ərazidə biçilməmiş otlaq sahələri də yanıb. Hadisə nəticəsində 5-6 min ot tayası yanıb. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Oğuz Rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, yanğın Oğuzla Şəkinin arasındakı ərazidə baş verib. Yanğının qarşısını almaq hələ mümkün olmayıb.

Şəki Rayon Polis Şöbəsindən isə bildirilib ki, yanğın Oğuz ərazisindən qonşu Şəkiyə keçib. Yanğının Oğuzda daha geniş ərazini əhatə etdiyi vurğulanır. Hadisə yerinə Oğuz və Şəki rayonlarından yanğınsöndürənlər göndərilib.

Röya Rəfiyeva /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar