“Meşə qardaşları”nın məhkəməsi başlayıb
06 İyul 2009 Bazar Ertəsi 16:48
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Meşə qardaşları” adlı qruplaşma yaradaraq bir sıra cinayətlərdə, o cümlədən Nərimanov rayonunda yerləşən “Əbu-Bəkr” məscidində terror aktı törətməkdə təqsirləndirilən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
APA-nın xəbərinə görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib. İttiham olunanlardan bəziləri vəkildən, müdafiədən imtina ediblər. Təqsirləndirilən Zabit Şıxbabayevin vəkili Elman Osmanov müdafiə etdiyi şəxslə bağlı sübutların araşdırılmasını, ona qarşı irəli sürülən Cinayət Məcəlləsinin 228.3, 234.3-cü maddələrin ittihamdan çıxarılması barədə vəsatət qaldırıb. Təqsirləndirilən Xaliq Vəlimətov ibtidai istintaq zamanı ona ayrılan vəkildən pulunun qaytarılmasını istəyib.
Məhkəmə vəsatətlərə baxılmasını açıq saxlayıb. Qeyd olunub ki, proses boyu vəsatətlərə baxılacaq.

Məhkəmə baxışı günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilənlər Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 120-ci (qəsdən adamöldürmə), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Hadisə ilə bağlı aparılan ibtidai istintaq zamanı 26 nəfər saxlanılaraq, barəsində cinayət işi qaldırıb. Onlar Azərbaycan vətəndaşları Elnur Bəşirov, Qüdrət Məlikov, Xalid Vəlimətov, Ülfət Məlikov, Vahid Əsədov, Zabit Şıxbabayev, Fariz Məmmədov, Samir Babayev, Anar Vəlimətov, Rasim İsgəndərov, Elşən Allahverdiyev, Rafiq Ağacanov, Taleh Məhərrəmov, Teymur Nərimanov, Bozorgi Kamran, Azər Baxışov, Musa Orucov, Aleksandr Nurəliyev, Məmməd Məmmədov, Elxan Osmanov, Zaur Cəfərov, Rüfət Rzayev, Sərdar Bünyatov, Rusiya vətəndaşı Maqomed İsayev, Türkiyə vətəndaşları Yamin Ali və Özdəmir Ergindir.
İttihama görə, 2008-ci il avqustun 17-də “Əbu-Bəkr” məscidində partlayış törədilməsində əslən Azərbaycanın Zaqatala rayonundan olan “Əbdülməcid” ləqəbli İlqar Mollaçiyev, onun qaynı “Süleyman” ləqəbli Samir Mehdiyev və onlarla cinayət əlaqəsində olan radikal dini təmayüllü digər şəxslərin əli olduğu müəyyənləşib. Hələ 2007-ci ildə MTN tərəfindən 17 nəfərdən ibarət Sumqayıt qrupu (“Əbu Cəfər”in qrupu), o cümlədən qrupun liderlərindən biri - Naif Abdulkərim Əl-Bədəvi həbs edilib. “Sumqayıt qrupu”nun üzvlərinin həbsindən sonra Mollaçiyev və Mehdiyev yeni qrup formalaşdırmağı və Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş terrorçuluq əməlləri törətməyi planlaşdırıblar. Lakin MTN-in keçirdiyi əməliyyat nəticəsində 13 nəfər qrup üzvü həbs edilib, onlardan çoxlu sayda odlu silah və döyüş sursatı, partlayıcı qurğular və sxemləri, hazırlanma təlimatları, xüsusi rabitə vasitələri, müxtəlif xəritələr, dağ-meşə şəraitində döyüş taktikası üzrə metodiki vəsaitlər, hərbi təyinatlı ləvazimatlar və sair aşkar olunaraq götürülüb. Onlardan ikisi - Taleh Məhərrəmov və Samir Babayev üzv olduqları silahlı birləşmənin fəaliyyəti, plan və niyyətləri barədə ətraflı ifadələr verərək bildiriblər ki, Samir Mehdiyev, İlqar Mollaçiyev və digərləri iyulun 19-da Azərbaycanın dövlət sərhədini qanunsuz keçərək həmin şəxslərin yardımı ilə Bakı və Sumqayıt şəhərlərində yerləşiblər. Hazırlanmış plana əsasən, ümumilikdə “Meşə qardaşları” silahlı birləşməsinə daxil olan “Sumqayıt camaatı” adlı birinci qrupun üzvləri Bakıda qarətlər törətməli, əldə edilən pul vəsaiti hesabına silah-sursat tədarükü görməli, terrorçuluq hərəkətləri həyata keçirməli, “Quba və Qusar camaatı” adlı ikinci qrupun üzvləri isə respublikanın dağ-meşə massivində hərbi düşərgələr yaratmalı idilər. İttiham aktında adı “Meşə qardaşları” qrupunun üzvü kimi keçən 1971-ci il təvəllüdlü Araz Balabəyov və daha bir neçə nəfər isə Dağıstanın cənub bölgələrində keçirilən antiterror əməliyyatı zamanı öldürülüb.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar