İranda Azərbaycanlı alim Rəşid Əliyev həbs olunub
13 Noyabr 2009 Cümə 13:15
İstintaq İranda həbsdə olan azərbaycanlı alim Rəşid Əliyev zaminə buraxmaqdan imtina edib.
Komitə sədrinin bildirdiyinə görə, Rəşid Əliyevin əməkdaşlıq etdiyi İranın “Sazan Electronics İndustry Company” şirkəti onun zaminə buraxılması üçün tələb olunan zəruri sənədləri və girov üçün nəzərdə tutulan məbləği istintaqa təqdim edib. Lakin istintaq girovu qəbul etməyib və R. Əliyevi zaminə buraxmaqdan imtina edib.

Bir müddət əvvəl isə R. Əliyev ailəsi ilə əlaqə saxlayaraq onun zaminə buraxılması barədə istintaqla razılığa gəlindiyini demişdi. Bunun müqabilində R. Əliyev 100 min ABŞ dolları ödəməli idi. Bu vəsaitin ödənilməsinə R. Əliyevin əməkdaşlıq etdiyi İranın “Sazan Electronics İndustry Company” şirkətinin rəhbəri razılıq versə də, istintaq bundan imtina edib.

S. Məlikov, həmçinin dövlət orqanları və beynəlxalq hüquq müdafiəçilərinin R. Əliyevin işi ilə maraqlandıqlarını deyib: “Rəşid Əliyevin azad olunması istiqamətində hələlik hər hansı nəticə əldə olunmasa da, bu istiqamətdə iş aparılır. Ümid edirik ki, İran və Azərbaycan hökumətləri arasında aparılan danışıqlar müsbət nəticə verəcək”.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Fizika problemləri Elmi Tədqiqat İnstitutunun “Bioloji sistemlər fizikası” laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyev bir il əvvəl İran İslam Respublikasında həbs edilib. Rəşid Əliyev İranın “Sazan Electronics İndustry Company” şirkətinin dəvəti ilə, Bakı Dövlət Universitetinin rəhbərliyinin razılığı əsasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Semnan şəhərinə gedib və 2006-2008-ci illərdə adıçəkilən şirkətlə əməkdaşlıq edib. Bu müddət ərzində o, şirkətdə ilk dəfə olaraq proqramla idarə edilən texnoloji lazer sistemlərinin qurulması və işə salınması, müasir lazer sistemləri üçün mükəmməl təcrübə və sınaq stendinin hazırlanmasına rəhbərlik edib.

Şirkətin rəhbərliyi R. Əliyevə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif ünvanlasalar da, o bu təklifi qəbul etməyib və Azərbaycana qayıdıb. Şirkətin direktoru Abbas Eftexarinin təkidli xahişindən sonra Rəşid Əliyev sonuncu dəfə ötən ilin oktyabrın 5-də İrana qısamüddətli səfərə gedib. Bir gün sonra isə polis viza problemi olduğunu bəhanə gətirərək onu həbs edib.

Bu günədək Rəşid Əliyevin həbsinin səbəblərinin araşdırılması və onun azadlığa buraxılması ilə bağlı İrandakı əlaqədar qurumlara məktublar göndərilsə də, hələlik heç bir nəticə əldə olunmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar