Göyçayda intihar hadisəsi
19 Aprel 2011 Çərşənbə Axşamı 01:01
Sirkə turşusu içən 31 yaşlı Xəyalə Nuhzadə ağır vəziyyətdə Bakıya göndərilib
Göyçay rayonunun Bığır kəndində bir ailədə növbəti faciə baş verib. Ərinin qətlə yetirilməsinə dözməyən həyat yoldaşı intihara cəhd edib. Hər iki hadisə ötən gün baş verib. Məlumata görə saat 14:00 radələrində Göyçay rayonunda həmkəndlisi tərəfindən qətlə yetirilən Bığır kənd sakini 1969-cu il təvəllüdlü Nuhzadə Rauf Rafael oğlunun həyat yoldaşı 1980-ci il təvəllüdlü Nuhzadə Xəyalə sirkə turşusu içərək intihara cəhd edib. O, ağır vəziyyətdə Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. İki uşaq anası Xəyalə Nuhzadənin vəziyyəti daha da ağırlaşdığı üçün onu axşam saatlarında Bakı şəhərinə aparıblar.

Qeyd edək ki, Rauf Nuhzadə Göyçay şəhərində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindən keçən hissəsində yerləşən körpünün üstündə Bığır kənd sakini, vaxtilə orta məktəbdə bir sinifdə oxuduğu 1969-cu il təvəllüdlü Səmədov Vüqar Əliağa oğlu tərəfindən bıçaqlanıb. Rayon Polis Şöbəsindən verilən məlumata görə ürək, boyun-boğaz və qarın boşluğu nahiyəsindən bir neçə bıçaq xəsarəti alan R.Nuhzadə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. İki ay öncə Rauf Nuhzadə və Bığır kənd sakini 1971-ci il təvəllüdlü Ziyadov Zahid Ziyad oğlu Rusiyanın Kursk şəhərində meyvə-tərəvəz məhsullarının topdan satış bazasında Vüqar Səmədovun qardaşı 1975-ci il təvəllüdlü Səmədov Üzeyir Əliağa oğlunu bıçaqlayaraq qətlə yetiriblər. Zahid Ziyadov Rusiyada həbs edilsə də, Rauf Nuhzadə istintaq orqanlarından qaçaraq bir müddət gizlənib və Azərbaycana gəlib. Raufu qətlə yetirən Vüqar Səmədov könüllü olaraq Göyçay rayon Polis Şöbəsinə gedib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.