Bakıda oğurluqla məşğul olan “dostlar” tutulub
29 İyul 2009 Çərşənbə 17:25
Onlar oğurladıqları əşyaları öz aralarında bölüblər

 

Bakının Suraxanı rayonu ərazisində oğurluqla məğul olan “dostlar” tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, saxlanılan “dostlar” izi azıdırmaq məqsədi ilə Yeni Günəşli qəsəbəsində müxtəlif dükanlardan oğurluq ediblər.

Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşları keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuş Xırdalan sakinləri, 29 yaşlı Rahib Qarayev və 23 yaşlı Elnur Rzayev tutularaq istintaqa təhvil verilib.

Məlum olub ki, «dostlar» iyulun 22-nə keçən gecə pəncərəni sındırma yolu ilə Y.Günəşli yeni yaşayış massivində yaşayan Bibixanım Baxışova məxsus mağazadan 1159 manat və ərzaq məhsulları, «V» massivində Faiq Əzimova məxsus mağazadan 140 manat və ərzaq məhsulları oğurlayıblar.

İşlərini bununla bitmiş hesab etməyən «dostlar» iyulun 22-də «Memar Əcəmi» metrostansiyasının yaxınlığına gələrək H.Əliyev küçəsində dayanmış «VAZ-2107» markalı avtomobilin qapısının açıq olmasından istifadə edərək, onu sürüb hadisə yerindən uzaqlaşıblar.

Hadisədən dərhal sonra avtomobilin sahibi Rəşad Hüseynov Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinə gələrək ona məxsus avtomobilin qaçırılması barədə şikayət ərizəsi yazıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin avtomobil iyulun 1-də Sumqayıt şəhərində saz vəziyyətdə tapılıb.

«Dostlar»ın iyulun 18-nə keçən gecə İlham Baratova məxsus, Yeni Günəşli «AB» massivində 31 saylı binada yerləşən mobil telefon mağazasından 98 manat, 500 manat dəyərində danışıq kartları və 1300 manat dəyərində müxtəlif markalı mobil telefonlar oğurlayıblar. Onlar oğurladıqları əşyaları öz aralarında bölüblər.

Faktla bağlı Suraxanı RPİ-də Azərbaycan Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddələri ilə cinayət işi açılıb, istintaq aparılır.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar