Bakı-Tiflis-Ceyhana kim hücum edib?
25 Avqust 2009 Çərşənbə Axşamı 19:15
"bp" rəsmisi hücum xəbərini qətiyyətlə inkar edir
Rusiya xakerləri bu dövlətin xüsusi xidmət orqanlarının köməyi ilə Azərbaycandan Avrorpaya gedən və Rusiyanın ətrafından keçən boru xəttinin kompüter serverinə hücum edib. Bu barədə məlumatı “1news.az” saytı ABŞ-ın «Aviation Week» nəşrinə istinadən yayıb.

Məlumata görə, bu hücumun nəticəsində kəmərin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb və Qərb neft konsorsiumu xammalı Rusiyaya məxsus Bakı-Novorossiysk boru kəməri ilə nəql etməli olub. Amma ABŞ mütəxəssisləri kəmərin serverini bərpa etdikdən sonra boru xəttinin işi yenidən bərpa olunub.

Nəşrin yaydığı məlumata görə, ABŞ xüsusi təhqiqat orqanlarının kibercinayət üzrə ixtisaslaşdırılmış mütəxəssisləri boru xəttinin kompüter serverini öz nəzarətinə götürüb.

Bu məsələ ilə bağlı ANS PRESS Bakı-Tiflis-Ceyhan əsas boru kəmərinin operatoru olan “bp”nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı Ödərlə əlaqə saxlayıb və bu məsələlərə aydınlıq gətirməsini istəyib.

T.Bayatlı bildirib ki, mətbuatda yayılan bu məlumatlar heç də həqiqətə uyğun deyil. Onun sözlərinə görə, BTC işləyir və ümumiyyətlə fəaliyyətində heç bir fasilələr olmayıb: «BTC əsas boru kəməri bu son günlərdə fəaliyyətini dayandırmayıb».


DOSTLARINLA PAYLAŞ:

oyunlar