“8-ci km” bazarında baş verən güclü yanğın söndürülüb
19 İyul 2009 Bazar 12:00
İyulun 18-də saat 22.40 radələrində “8-ci km” adlanan bazarda başlayan güclü yanğın saat 02.30 radələrində söndürülüb. APA-nın məlumatına görə, yanğının baş verdiyi binada tikinti materialları - taxta, boya və inşaatda istifadə olunan digər kimyəvi maddələr satılan mağazalar yerləşdiyindən yanğının söndürülməsi çətinliklə mümkün olub.
Hadisə yerinə Nizami rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin rəhbərləri, polis əməkdaşları gəlib. Yanğının söndürülməsinə 15-ə yaxın yanğınsöndürən maşın cəlb olunub. Hadisə yerində olan tibb işçilərinin APA-ya verdiyi məlumata görə, yanğında xəsarət alan olmayıb.

Hazırda binada yanğın kəşfiyyatı aparılır, yanğının nə qədər sahəni əhatə etdiyi, səbəbləri və vurduğu ziyan müəyyənləşdirilir.

Qeyd edək ki, yanğın iyulun 18-də təxminən saat 22.40 radələrində Qara Qarayev prospektinin kənarında yerləşən üçmərtəbəli binanın damında başlayıb.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar