Türkiyədə "Lvbel C5" səhnə adı ilə tanınan reper Süleyman Burak Bodur azərbaycanlı müğənni Asya Əlizadə ilə birgə ifa etdiyi "Kahpe" mahnısının sözlərinə görə saxlanılıb. Oktyabrın 11-də İstanbulda məhkəmə prokurorluğun həbs tələbini rədd edib, lakin reper barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq edib. Qərarın ən qeyri-adi hissəsi Bodurun türk ədəbiyyatı üzrə təhsilini davam etdirmək öhdəliyidir.
Prokurorluq həbs tələb edirdi
Qafqazinfo-nun "Sözcü"yə istinadən yaydığı məlumata görə, təhqiqatı İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğu aparır. Bodur prokurorluqda ifadə verdikdən sonra "cinayət törətməyə açıq şəkildə təhrik" ittihamı ilə həbs olunması tələbi ilə məhkəməyə göndərilib.
Türkiyə mətbuatının yazdığına görə, prokurorluğun mətbuat cinayətləri bürosu reperi saxlayaraq sülh cinayət hakimliyinə təqdim edib. Hakim isə mövcud sübutları və reperin qaçma riskinin olmamasını nəzərə alaraq həbsi qeyri-mütənasib tədbir hesab edib və bu tələbi rədd edib.
Reper ittihamları qəbul etmir
Bodur ifadəsində ittihamları qəbul etməyərək mahnı sözlərini təxəyyülünə əsasən qələmə aldığını bildirib: "Mən xəyal quraraq mahnı sözləri yazıram. Xüsusi bir qəsdim yoxdur. Şiddət ehtiva edən bir vəziyyət yoxdur, tamamilə gənclər üçün xəyali sözlərdir".
Reper şikayətlərdən xəbər tutan kimi mahnını rəqəmsal platformalardan sildiyini də əlavə edib. Türkiyə mediasının məlumatına görə, şikayətlər Prezident Administrasiyasının Kommunikasiya Mərkəzinə (CİMER) daxil olub. Bodur mübahisəli ifadələrin bir qisminin duet partnyoru Asya Əlizadəyə aid olduğunu da deyib.
Məhkəmə nəzarəti: imza, çıxış qadağası və ədəbiyyat dərsi
Məhkəmə həbs əvəzinə reper barəsində bir neçə məhkəmə nəzarəti tədbiri müəyyən edib:
- ölkədən çıxışa qadağa;
- həftədə iki gün – bazar ertəsi və çərşənbə günləri – polis idarəsində imza vermək öhdəliyi;
- türk ədəbiyyatı üzrə təhsilini davam etdirmək öhdəliyi.
Sonuncu şərt Türkiyə məhkəmə praktikasında analoqu olmayan qərar kimi qiymətləndirilir. Türkiyə mətbuatı bu qərarı "ədəbiyyat şərti" adlandırıb, bəzi nəşrlər isə onu "mükafata bənzər cəza" kimi şərh edib. Qərar sosial şəbəkələrdə də geniş müzakirə olunur: bir qisim istifadəçi məhkəmənin yanaşmasını yaradıcı hesab edir, digərləri isə bunun mahnı sözlərinə görə sənətçiyə təzyiq olduğunu bildirir.
Lvbel C5 əvvəl də saxlanılmışdı
Bu, Süleyman Burak Bodurun mahnı sözlərinə görə qanunla üzləşdiyi ilk hal deyil. 2025-ci ilin mayında reper mahnılarında narkotikə təşviq ittihamı ilə Gebze sülh cinayət hakimliyinin qərarı ilə həbs edilmiş və Kandıra həbsxanasına göndərilmişdi. Həmin ilin 28 mayında vəkilinin etirazı əsasında azadlığa buraxılmışdı.
Asya Əlizadə isə Türkiyədə "Alizade" adı ilə fəaliyyət göstərən azərbaycanlı rep ifaçısıdır. O, son illərdə Lvbel C5 ilə bir neçə birgə mahnı buraxıb və bu duetlər Türkiyədə milyonlarla dinlənmə toplayıb. Birgə mahnı və kliplərinin məzmunu daha əvvəl də tənqid obyekti olmuşdu: 2025-ci ilin martında onların açıq-saçıq məzmunlu klipi ilə bağlı şikayətlərdən sonra araşdırmaya başlanılmışdı.
Qeyd edək ki, son bir ildə Türkiyədə şou-biznes nümayəndələrinə qarşı hüquq-mühafizə orqanlarının tədbirləri xeyli artıb. Bir sıra tanınmış müğənni və aktyor narkotik ittihamı ilə saxlanılıb, bəzi reperlər isə mahnı sözlərinə görə təhqiqata cəlb olunub. Lvbel C5-in işi bu silsilənin ən son və ən çox müzakirə olunan halıdır.
Hazırkı iş üzrə təhqiqat davam edir. Reper məhkəmə nəzarəti şərtlərinə əməl etməli, eyni zamanda prokurorluğun ittiham aktı hazırlayıb-hazırlamayacağını gözləməlidir. Asya Əlizadənin təhqiqatdakı statusu barədə isə rəsmi məlumat açıqlanmayıb.
Mənbə: Qafqazinfo




Şərhlər