Praqa “Slaviya”sının oktyabrın 13-də Bakıda “Sabah”a uduzması Çexiyada ciddi narazılıqla qarşılanıb. Baş məşqçi Yindrix Trpişovski və yarımmüdafiəçi Mixal Sadilek matçdan sonra səhvlərini etiraf edib, klubun azarkeşləri isə oktyabrın 14-də sosial şəbəkələrdə komandanı və baş məşqçini sərt tənqid atəşinə tutub. “Sabah” düşərgəsində isə diqqət artıq “Qəbələ” və Dortmund “Borussiya”sı ilə oyunlara yönəlib.
Trpişovski: “Zəif tərəflərimiz var”
“Slaviya”nın baş məşqçisi Yindrix Trpişovski matçdan sonrakı mətbuat konfransında komandasının oyunu düzgün qura bilmədiyini, xüsusilə birinci hissədə çətinlik çəkdiyini deyib:
“Matçı düzgün keçirmədik. Xüsusilə də ilk hissəni. Səhvlərə yol verməməli idik. Ancaq səhvlər etdik və qol da vura bilmədik. Rəqibin pressinqi ilə üzləşdik və top itkilərinə yol verdik. İkinci hissədə rəqib təzyiqini artırdı və meydanın mərkəzində bizi üstələdi. Futbolçularım çox məyusdurlar”.
Çexiyalı mütəxəssis birinci turdakı “Lans” oyunu ilə müqayisə barədə sualı cavablandırarkən komandanın zəif tərəflərinin olduğunu etiraf edib: “Müəyyən səbəblərə görə məğlub olduq. Zəif tərəflərimiz var. Qol epizodları yaradıb qələbə qazana biləcəyimizi düşünürdüm. Lakin ən yaxşı oyunumuzu göstərə bilmədik”.
Sadilek: “Bu dəfə daha çox məyusuq”
Çexiya millisinin üzvü, 27 yaşlı yarımmüdafiəçi Mixal Sadilek “Nova Sport” nəşrinə açıqlamasında məğlubiyyətin əsas səbəbini qol imkanlarının dəyərləndirilməməsində görüb: “Mənə elə gəldi ki, yaratdığımız imkanlarda bir qədər tələsirdik. Lazımi qədər soyuqqanlı deyildik. Rəqib isə imkanlarından yararlandı”. Futbolçu komandanın ən azı birinci hissədə topa nəzarət edə bilmədiyini etiraf edib və rəqibin iki dəfə topu qapı xəttindən çıxardığını xatırladıb. Onun sözlərinə görə, hər məğlubiyyət onları üzür, lakin Bakıdakı nəticə daha ağır təsir bağışlayıb.
Qeyd edək ki, “Slaviya” Çempionlar Liqasının liqa mərhələsində ilk iki oyunun hər ikisində məğlub olub.
Azarkeşlər: “Bu, sadəcə absurddur”
Klubun sosial şəbəkə hesablarında yazılan rəylərdə azarkeşlər komandanın oyununu “fiasko” adlandırıb. Şərhlərin bir qismi birbaşa Trpişovskiyə ünvanlanıb, azarkeşlər baş məşqçi ilə nə vaxt vidalaşılacağını soruşublar. Bəzi azarkeşlər “Sabah” və “Pafos” kimi komandalara uduzmağı “absurd” adlandırıb, digərləri isə qələbəyə görə 2 milyon avro mükafat təklif olunan turnirdə belə oyunun yolverilməz olduğunu yazıb. Üç hücumçu ilə oyun sxemi, eləcə də futbolçuların qapı önündəki qeyri-dəqiqliyi də tənqid hədəfinə çevrilib.
“Sabah” düşərgəsində qürur və yeni hədəflər
Bakı təmsilçisinin futbolçuları isə qələbədən sonra hədəflərini açıqlayıb. Müdafiəçi Rəhman Daşdəmirov komandası ilə fəxr etdiyini deyib: “Sevincliyəm, qürurluyam. Çempionlar Liqasında ilk ev oyununda qələbə qazandıq. Ən yaxşısına layiqik”. O, “Slaviya”nın zəif rəqib olmadığını, rəqibin də yüzfaizli imkanları olduğunu qeyd edib, liqa mərhələsinin qalan üç ev oyununun hər birində xal qazanmağı hədəflədiklərini bildirib.
Serbiyalı yarımmüdafiəçi Velko Simiç isə Bakı Olimpiya Stadionunda oynamağın xoş olduğunu deyib, “Borussiya Dortmund”la oyunda azarkeşlərdən daha böyük dəstək gözlədiklərini vurğulayıb. Simiç komanda yoldaşı Abdulla Xaybullayevin transferi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Bu, klubun cavab verməli olduğu sualdır. Amma inanıram ki, o, komandada qalacaq və mən də onun qalmasını istərdim”.
Qələbə ölkə futbolunda da rəğbətlə qarşılanıb. “Qarabağ” klubu sosial şəbəkə hesabında “Sabah”ı liqa mərhələsindəki ilk qələbəsi münasibətilə təbrik edib, qarşıdakı oyunlarda uğurlar arzulayıb. UEFA-nın Texniki Müşahidəçilər Qrupu isə yekun qolu vuran Coy-Lens Mikelsi matçın ən yaxşı futbolçusu seçib.
“Sabah” növbəti oyununu Misli Premyer Liqasının VIII turunda “Qəbələ” ilə səfərdə keçirəcək. Çempionlar Liqasının III turunda isə Valdas Dambrauskasın komandası oktyabrın 20-də Bakıda Dortmund “Borussiya”sını qəbul edəcək.
Mənbə: Sportinfo.az




Şərhlər