Türkiyə, seçki, muğam və kölgədə qalan Novruz
Ramil Kazımov
21 Mart 2009 Şənbə 18:11
Mətbuatımızda Türkiyəyə qarşı səsləndirilən ittihamlar səngimək bilmir. Hələ də qardaş ölkə Azərbaycana xəyanətdə günahlandırılır. Hədəf kimi iqtidarda olan AK Partiya (Ədalət və İnkişaf Partiyası) seçilsə də, bundan Azərbaycan-Türkiyə əlaqələri zərər çəkir. Bu partiyanın əleyhinə danışan hər kəsin çıxışları, bəyanatları və müsahibələri geniş şəkildə mətbuat səhifələrinə çıxarılır. İki həftə əvvəl yazdığım yazıda qeyd etdiyim kimi, mətbuat dirijor çubuğu ilə idarə olunur. Sanki, Azərbaycan ictimaiyyətində “bütün mətbuat yalan yazmaz” və ya “od olmayan yerdən tüstü çıxmaz” düşüncələrini formalaşdırmağa çalışırlar. Qəribədir ki, Türkiyənin addımlarını müdafiə edən və bu ölkənin Azərbaycana əsla xəyanət etməyəcəyini söyləyən mütəxəssislər və ya politoloqların fikirlərinə nisbətən az yer verilir, hətta müsahibə zamanı onlar məqsədli sual yağışına tutulurlar. Hiss olunur ki, onlardan Türkiyənin əleyhinə bir cümlə də olsa, qoparmaq istəyirlər.
Digər tərəfdən, Türkiyə rəsmilərinin təkzib xarakterli açıqlamaları mətbuatımızda üçüncü və ya dördüncü dərəcəli xəbərlər kimi verilir. İşin məqsədli olduğu hiss olunur. Bütün bunlar olduqca təəssüf doğurur. Azərbaycanın Türkiyədən qeyri tam güvənəcəyi ikinci ölkə yoxdur. Azərbaycan rəsmilərinin də qeyd etdikləri kimi, bizi bir-birimizə qarşı qoymaqda maraqlı olan qüvvələr var və görünür ki, onlar mövcud vəziyyətdən maksimum faydalanmağa çalışırlar. Bir az təmkinli olmaq lazımdır. Tələskənlik edib, baltanı dibdən vurmağa ehtiyac yoxdur.
***
Dünəndən etibarən Beynəlxalq Muğam Festivalına start verildi. Belə bir tədbirin ölkəmizdə keçirilməsi olduqca sevindirici və lazımlıdır. Bu, bütün dünyaya nümayiş etdirəcək ki, muğamın mərkəzi Azərbaycandır. Dünyanın müxtəlif ölkələrindən sayılan-seçilən qonaqlar ölkəmizə gələcəklər, burada muğamın infrastrukturunu öz gözləri ilə görəcəklər və əmin olacaqlar ki, muğamın qəlbi məhz Azərbaycanda atır. Bu kimi tədbirlərin sayını artırmalıyıq ki, dünyada “muğam” deyiləndə, ilk olaraq, ağıla Azərbaycan gəlsin, ölkəmizin muğamın beşiyi olduğunu hamı qəbul etsin.
Ümumiyyətlə son illərdə muğama olan dövlət qayğısı alqışa layiqdir. Yoxsa, muğam meyxana və estrada müsabiqələrinin kölgəsində qalmaqda davam edəcəkdi.
***
Dünən ana qanunumuza - Konstitusiyaya əlavə və dəyişikliklər etdik. Bu əlavələr və dəyişikliklər ətrafında müzakirələr birmənalı olmadı. Kimisi bunu demokratiyanın tələbi ilə əlaqələndirdi, kimisi isə bunun əksinə olaraq, Azərbaycanın monarxiyaya doğru yuvarlandığını iddia etdi. Onlardan kimlərin haqlı, kimlərin isə haqsız olmaları fərqli müzakirələrin mövzusudur. Mən məsələyə fərqli yanaşmanın tərəfdarıyam. Ən mükəmməl qanun qəbul edə bilərik. Əsas məsələ qanunları mükəmməlləşdirmək deyil. Əsas məsələ odur ki, bu qanunlara layiqli şəkildə riayət edək. Qanunların obyektiv şəkildə icrasını təmin etməliyik. Yalnız bu halda ölkə demokratik və ədalətli olar. Qanunlara əhəmiyyət verilmədiyi şəraitdə hansısa müsbət keyfiyyətlərdən danışmağa dəyməz. Danışılsa belə, bu, inandırıcı olmur.
***
Novruz bizim milli bayramımızdır. Ancaq düşünürəm ki, bu bayramı adına layiq şəkildə qeyd etmirik. Məsələn, götürək Yeni il bayramını. Hələ də mənşəyi etibarilə milli olmayan bu bayramın təntənəsi Novruz bayramını üstələyir. Papaqatma və tonqal qalamaq kimi Novruzun özünəməxsus elementləri isə illər getdikcə zəifləyir. Bir sözlə, Novruzun dadı-duzu yavaş-yavaş qaçır. Bunu dirçəltmək lazımdır.