28 may 1918
Ramil Kazımov
03 İyun 2009 Çərşənbə 17:24
«Yüz illik əsarət dərsi ilə 2 illik hürriyyət qovğası bizi özümüzə tanıtdı». Bunu Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri olan Məhəmməd Əmin Rəsulzadə sonralar 28 may tarixi haqqında deyirdi. Özünü tanıyan millətə isə ölüm yoxdur. Azərbaycan bütün dünyaya müstəqil dövlət kimi yaşamaq haqqını çoxdan tanıdıb.

Dünyada mövcud olan millətlərin sayı 2 minə yaxındır. Amma dövlətlər vur-tut 193-dür. Yəni, bəşəriyyətin tarixi boyu öz müstəqil dövlətini yaratmaq xoşbəxtliyi heç də hər millətə nəsib olmayıb. Amma Azərbaycan xalqı 91 il əvvəl üçrəngli bayrağını ucaltmaqla dünya dövlətlərinin sırasına öz şərəfli adını da yazdırdı.

Deyirlər, həyatda insana reallıqları dəyişmək üçün bir dəfə şans verilir. Ağıllı insanlar bu şansdan maksimum səmərəli istifadə edə bilirlər. Ötən əsrin əvvəlində yaşamış ziyalı həmvətənlərimiz, Azərbaycan xalqının düşünən beyinləri də bu vaxt ən ağıllı seçimi etdilər.

Rusiyada baş vermiş burjua inqilabından ölkənin gələcəyi baxımından ən yaxşı şəkildə yararlandılar. Rus imperiyasının buxovundan xilas olan bütün xalqlar dərhal müstəqillik yollarını axtarmağa başladılar. Azərbaycandakı ziyalı təbəqənin əsas məqsədi müstəqil Azərbaycan dövlətini qurmaq idi.

Müstəqil dövlətin rüşeymləri Tiflisdə Məəssislər məclisinə Cənubi Qafqazdan seçilmiş deputatlar təmsilçiliyi ilə Zaqafqaziya seyminin yaranması ilə başladı. Seymdə müsəlman fraksiyasını, seymin Zaqafqaziya müsəlman şurasını 44 deputat təmsil edirdi. Məhz azərbaycanlı deputatların tələbi ilə 1918-ci il aprelin 18-də Zaqafqazziya seymi Zaqafqaziyanın müstəqilliyini elan edir.

Beləliklə də Birləşmiş Zaqafqaziya Respublikası yaranır. Amma bununla belə birgə respublikaya daxil olan xalqların hamısı, o cümlədən də Azərbaycan xalqının təmsilçiləri tam müstəqilliyə can atırdı. Amma bu müstəqilliyin forması ilə bağlı fikir ayrılıqları var idi. Belə fikirlər var ki, bir qisim ziyalılar müstəqilliyi yalınz Zaqafqaziya respublikasının tərkibində muxtariyyət kimi görürdüsə, bəziləri tam suverenliyə can atırdı.

Zaqafqaziya seymindən ilk çıxan gürcülər olub. Gürcüstan təmsilçiləri mayın 26 -da ölkənin müstəqilliyni elan etdi. Mayın 27-də xüsusi iclas keçirən müsəlman fraksiyası da Azərbaycanın müstəqilliyi ilə bağlı qərar verdi. Beləliklə də ilk parlament yarandı və parlamentli respublikasının əsası qoyuldu. Müsəlman fraksiyasının mayın 27-də keçirilmiş iclasında milli şuranın sədri və rəyasət heyəti seçilir.

Milli şuranın sədri İsə Məhəmməd Əmin Rəsulzadə olur. Mayın 28-də isə Həsən Bəy Ağayevin sədrliyi ilə milli şuranın tarixi iclası keçirilir və bu iclasda Azərbaycanın müstəqilliyni elan edən istiqlal bəyannaməsi qəbul olunur. Müstəqilliyini Tiflisdə elan edən demokratik cümhuriyyət, iyunun 16-da Gəncəyə, sentyabrın 15 -də Bakının menşevik-daşnak birləşmələrindən azad olunmasından sonra Bakıya köçür.

Demokratik respublikanın 23 ay mövcudluğu dövründə müstəqil dövlətin atributları, bayrağı, gerbi müəyyənləşib, silahlı qüvvələri yaradılıb. Türk dili dövlət dili elan olunub. Mövcudluğu dövründə demokratik cümhuriyyətdə çox mühüm islahatlar həyata keçirilsə də, respublika müstəqiqilliyni qoruyub saxlaya bildmədi. Buna bir tərəfdən gənc dövlətin daxilindəki həddən artıq demokratiyanın, 23 ay ərzində 5 dəfə hökumət dəyişikliyinin də səbəb odduğu bildirilsə də, onun xəyanətin qurbanı olması versiyası üzərində bu gün daha çox dayanılır.

Məhz hökumətin işğalçı 11-ci ordunun Azərbaycan ərazisindən yalnız tranzit vasitəsi kimi istifadə edərək Türkiyəyə köməyə getdiyinə inandırılması və buna görə də ölkənin şimalında 11-ci ordunun keçdiyi körpünün partladılmaması onların Azərbaycan ərazisinə daxil olması və yekunda Şərqin ilk demokratik cümhuriyyətin süqutu ilə nəticələndi.

Amma 80 il sonra Azərbaycan müstəqilliyinə yenidən qovuşdu. Bu gün ölkəmiz həm iqtisadi qüdrətinə, həm də siyasi çəkisinə regionun aparıcı dövlətidir.