Tənha Qoca (hekayə)
Rahiyyə Siracova
20 Noyabr 2011 Bazar 22:02

İsti yay günlərindən biri idi. Sübh tezdən yuxudan oyandım. Yerimdən qalxan kimi eyvana çıxıb yenədə həmişəki kimi çəpərin o biri tayına boylandım:

- Görəsən, Nofəl dayı nə edir?
 
Nofəl dayı çəpərin o biri tayında yaşayan tənha qocadır.

        Birdən həyətdən Nofəl dayının səsi eşidildi. O, toyuqları qova-qova hindən çıxdı. Çox qəribədir! Axı o niyə belə tezdən durub? Nofəl dayı adətən tezdən durmazdı. Bütün bunlar məni Nofəl dayıgilə getməyə vadar etdi.

        Darvazanın pastlı tutacağından tutub azca itələdim. Həyətə keçib Nofəl dayının yanına getdim.

        Köynəyinin ətəyində 6-7 yumurta ilə sanki toyuqlardan şikayətlənirmiş kimi söylənə-söylənə hindən çıxırdı.

         Gəlişimdən xəbərdar olmayan Nofəl dayını salamlaşmağımla sanki səksəndirdim. Əvvəl elə bildim ki, yenə də gəlişimi kömək məqsədi kimi başa düşüb narazılıq edəcək, lakin Nofəl dayı mənim gəlişimə sevinib:

         -Sabahın xeyir, bala! Xoş gəldin - dedi. 

          Mən gözümü ona zilləmişdim. O mənim təəccübləndiyimi başa düşüb gülümsədi və dedi:

         -Bu gün 8 ildir ki, həsrəti ilə yandığım,bir gün tənha atasını da yada salar deyə düşündüyüm qızımla üzünü  belə görmədiyim 8 yaşlı nəvəm axır ki, tilsimləri qırıb bura gəlirlər.

        Sevincimi gizlədə bilməyib yerimdə atılıb düşdüm. Sonra evə keçdik. Əvvəl neçə illərdi açılmayan arxa otağa girdim. Bu otağı Gülxargil üçün hazırlamaq istəyirdim. Lakin bu otaqda sanki Nofəl dayının qocalığının və tənhalığının acizliyi gizlənmişdi. Nofəl dayı özünü heç köməyə ehtiyacı olan tənha qoca kimi göstərməyib. Otağın hər yerindən hörümçək toru sallanırdı. Elə bu torları təmizləməklə işə başladım.

        Mən bu neçə ildə ilk dəfə idi ki, Nofəl dayının gözlərində sevinc görürdüm. O, tək övladı Gülxarı arvadının ölümündən 2 il sonra ər evinə yola salmış, Gülxargil isə 1 ay sonra Moskvaya  köçmüşlər. Bu hadisədən 8 il keçməsinə baxmayaraq ilk dəfə idi ki, Gülxar ata evinə gəlirdi. Qocanın sevincinin həddi yox idi. Otağı təmizlədikdən sonra bağdan güllər dərib güldana qoydum. Şəffaf xrustal güldan, ağ hörülmə gülləri olan süfrəyə çox yaraşırdı. Artıq bütün işləri görüb süfrəni də açmışdıq.İşə başımız elə qarışmışdı ki,axşamın düşdüyünü hiss etməmişdim. İşlər bitdikdən sonra evə getməyi qərara aldım.

     Yorğun addımlarla darvazaya doğru irəlilədim. Bu zaman hiss etdim ki, kimsə darvazaya doğru gəlir. Mənə elə gəldi ki, gələn Gülxargildi. Bu fikirlə darvazaya doğru qaçdım. Ora çatanda gənc bir oğlan gördüm. O, məni görüb elə bildi ki, evin sakinlərindənəm və əlindəki kağızı mənə uzadaraq:” Şəhərdən sizə teleqram gəlib ”-dedi, teleqramı verib, geri döndü. 

     Mən teleqramı Nofəl dayıya verməzdən əvvəl özüm oxumağı qərara aldım. Teleqram Gülxardan idi.

      “Ata, bağışla, biz təcili geri qayıtmalı olduq. Gülxar”

      Öz-özümə düşündüm.” İndi mən bu teleqramı Nofəl dayıya necə verim, nə deyim?”

      Yenidən geri qayıtdım. Nofəl dayı eyvanda yox idi. Onu səsləyə-səsləyə arxa otağa getdim. Nofəl dayı içəri girdiyimi bilsə də, arxaya çevrilmədi. Gözünü tavana zilləyib teleqramdan xəbərdar kimi dərindən köks ötürdü. Sanki gözündən axan yaşı hiss etmirdi. Sonra gözünün yaşını silə-silə mənə sarı çevrildi və dedi:” Sən mənə fikir vermə, qızım, qocalıqdandı...” 

oyunlar