Solan Gül
Rahiyyə Siracova
06 Noyabr 2011 Bazar 09:52

Vahiməsi adamı basan qaranlıq otağın bir küncündə oturmuşam... Görəsən kimi, nəyi gözləyirəm? Aman Allah, ürəyim necədə tez-tez vurur? Gözümü ondan ayıra bilmirəm. Axı nə olub? Niyə o belə yazıq-yazıq boynunu büküb? Mən niyə bu qədər təlaş ilə ona baxıram? Yox-yox... O mənə nə isə demək istəyir. Axı nə edim? Onun dilini necə başa düşüm?


Asta-asta ona yaxınlaşdım. Onun yanında oturdum. Əlimi ona sarı uzadıb, tez geri çəkdim. Qorxdum... Bilmirəm nədən? Bəlkə məni sevməməsindən? Bəlkədə çox sevib əzab çəkməsindən.

Su... Su yoxdu yanımda. Bəlkə əvvəl ona su verib könlünü alım...

Onu incitməmək üçün qanadlarından yapışdım. Aman Allah, olmaya məni sevmədi. Əlim! Of əlim, necədə göynəyir! Barmaqlarımdan axan qan onun özü kimi al qırmızıdı... İçimdə bir səs-”o səni sevmir”-dedi...

Ləçəklərindən yapışdım. Əlimin qanını onun ləçəklərinə sürtdüm. Necədə bir-birlərinə yaraşırlar... Əlimi ondan çəkdim...

Göz yaşlarım dəyanmır. O gözəllik gözümün önündə get-gedə yox olur. Al qırmızı gül əlimin təmasının yoxluğuna bir saniyə də dözmədi. Tamamilə soldu. Əvvəlki gözəlliyini və al qırmızı rəngini itirdi, tikanları itiləşdi. Əlimi yenidən ona uzatdım. Amma solmuş qızıl gülün tikanları əlimə batdı.
 
Rahiyyə Siracova
oyunlar