Qatarda (Hekayə)
Rahiyyə Siracova
01 Noyabr 2011 Çərşənbə Axşamı 19:18
Ağır bir sükut var idi. Birdən uzun uzadı fitini çalan qatar taraqqıltı ilə yola düşdü. Mən çox yorğun idim. Əvvəl yatıb dincəlməyi düşünürdüm. Lakin kupe çox isti idi. Bürkü adamı boğurdu. Yorğun addımlarla dəhlizə çıxdım. Gözüm qapısı açıq olan qonşu kupeyə sataşdı. Birdən qonşu kupenin sakinləri ilə tanış olmaq istəyi, yatıb dincəlmək fikrimi üstələdi. Bəlkə bir az söhbətləşsək, dincələrik-deyə qonşu kupeyə sarı irəlilədim. Qapını astadan üç dəfə tıqqıldatdım. Səs başqa tərəfdən-dəhlizin o biri başından gəldi: -Buyurun! Mən diksinərək bu gözəl səsin sahibini görməyə tələsirmiş kimi sola tərəf boylandım. Elə bildim mənə sarı gələn bir mələkdir.O, irəliləyərək uzun qamətinə yaraşıq verən incə belinə dayamış olduğu əlini aşağı saldı. Elə bil təmkinli tərzdə verdiyi bu cavabın, onun gözəlliyinin bir hissəsinə çevrildiyini hiss edib utandı. Başını aşağı salıb qara qaşlarının altında, sürməli gözlərini gizlətməyə çalışdı. Gözlərini tez-tez çırpdıqca uzun kiprikləri qalxıb enirdi. Həyacanını gizlədə bilmirdi. Elə bil yanaqlarının qızardığını duymuşdu.

Bəli, mən bu gözəlliyi süzərkən hər şeyi unutmuşdum. Nəhayət o, gözləməyin əbəs olduğunu başa düşüb sakitcə yanımdan burulub öz kupesinə keçdi. Onun cəld hərəkətindən yaranmış külək, kürəyinə səpələnmiş qapqara düz saçlarını arxaya doğru dağıtdı.

Xeyli vaxt nə isə itirmiş kimi yerimdə dayanıb nə edəcəyimi düşündüm. Sonra yavaş addımlarla kupemə keçdim. Onun baxışları, duruşu gözümün önündən getmirdi. Sonda qonşu qızı unudub yatmağı qərara aldım. Başımı yenicə yerə qoymuşdum ki, qonşu kupenin qapısı açıldı. Mən bunu eşidən kimi, verdiyim qərarı unudaraq yerimdən sıçrayıb, dəhlizə qaçdım. O qapını açıq qoymuşdu. Sanki mənim orda olmağımı bilirmiş kimi tez-tez qapıda görünürdü. Elə bu zaman onunla söhbət etmək istədim. Lakin bacarmadım.

O düz gözlərimin içinə baxa-baxa qapını astadan örtdü. Bəlli idi ki, yatmağa gedir. Sonra kupeyə qayıb,yerimdə uzandım. Yenə də yata bilmirdim. Bütün yorğunluğumu unutmuşdum. Yəni, elə indi gördüyüm bir qızı... Yox! Yox! Yəqin çox gözəl olması məni məftun edib! Fikirlər məni yorurdu. Qalxıb qapıya yaxınlaşmaq istədim. Birdən qatar öz həyacan siqnalını çaldı. Aman Allah, vaxt necə də sürətlə keçdi. Tələsik çölə sıçradım. Elə bil bu qədər vaxt deyə bilmədiklərimi demeyə tələsirdim. O da qapını açdı. Nəzərlərimiz toqquşdu. Mən yenə heç bir söz deyə bilmədim. Sanki ürəyimin döyüntüsü qatarın tıqqıldısından möhkəm çıxırdı. Qatar dəyandı. Hamı çölə axışırdı...

Artıq qatarda heç kim qalmamışdı. İkimiz də qatardan endik. Yanaşı, dinməz-söyləməz xeyli irəlilədik. Sonra ayaq saxlayıb bir-birimizə sarı döndük. -“Sağolun”- dedim və neçə saatlarla cürət edib deyə bildiyim sözün məhz hər şeyi kökündən həll edən bir söz olduğunu anlayıb pərt oldum. Mən neylədim?

O -“salamat qalın”-deyərək çevrilib getdi. Mən isə başımı aşağı salmışdım. Dediyim bir kəlmə sözün nə qədər təəssüf doğuran bir sonluq olduğunu düşünürdüm. O getdi. Xeyli fikirdən sonra onun arxasınca qaçmaq istədim. Lakin başımı qaldıranda artıq o yox idi...
 
Rahiyyə Saracova
oyunlar