Əllər
Rahiyyə Siracova
29 Oktyabr 2011 Şənbə 16:47
“Əlini əlimdən çəkmə! Bərk-bərk tut! Qoyma onlar ayrılsınlar! Qoyma onlar bir-birindən qopsunlar! Nə olar, yalvarıram!...

...Artıq gecdi. İstəməsəmdə əllərimiz bir-birindən ayrıldı. Uzana qalmış əllərim o bərabərliyi çox axtardı. Günlər keçdi,həftələr ötdü. Aylar bitdi, ili başa vurdu. Uzun müddət əlimdə qalan o əlin istisi ilə qızındım. Bərk-bərk yapışdığın əlimdə hələ də barmaqlarının varlığını hiss edirdim. Gözlədim... Bir gün o ələ yenidən qovuşacağımı gözlədim. Günlər keçdikcə gözləməyə alışan əllərim bu ayrılığı qebul etdi. Artıq əlimdə boşluğun soyuğu öz yerini tutmuşdu. Başqa heçbir əl onu isidə bilməzdi.

Bir gün əlimi bir əl tutdu.

...Bərabər neçə illəri arxada qoyan əllər heç ayrılmadılar. Lakin əlimdə hələdə boşluğun soyuğunu hiss edirdim. Solğun və qırışıq əllərim neçə illər bundan əvvəl gəzdiyi yerlərin, toxunduğu daşların, divarların həsrətini çəkirdi.

Gəncliyində getdiyi o parka xatirələrində tez-tez gedən qoca əllər uzun illər keçməsinə baxmayaraq son dəfə o gözəllikləri görmək üçün yola düşdü. Yenicə parka daxil olmuşdu ki, ordaki bütün əlləri görüb təəccübləndi. Çünki bir zamanlar burda olan gənc əllərin yerində indi özü kimi qoca ve qırışıq əllər var idi. Qarşısından keçdiyi oturacaqların hər birindəolan əlləri sakitcə sezdi. Bəzisində sadəcə təbiəti seyr etməyə çıxan bir neçə özgə əllər yanaşı oturmuş, digərində isə çox doğma olan iki əl bir-birindən bərk-bərk yapışmışdı. Yalnız bizim oturacaq boş idi. Asta-asta irəliləyib orda əyləşən əllərim xatirələrə daldı. Xeyli vaxt sonra yanımda əyləşən yad əlləri məni xatirələrdən ayırdı. Bu zəhmətkeş, qabar-qabar olmuş qoca əlləri gördükdə ürəyimdən ilıq hisslər keçdi. Kənardan o əlin istisini hiss etdim. Yoxsa bu əllər...

Köksümdən çıxacaq ürəyimin çırpıntısını sanki o da duyurdu. O əl əlimdən tutdu. Qeyri ixtiyari birləşən əllər bir-birindən yapışdı. Bəli o da bu əli tanımışdı. Cəld əlindən əlimi çəkib, qalxdım. Uzana qalan bu qoca əllər, sanki mənə“əlini əlimdən çəkmə! Bərk-bərk tut! Qoyma onlar ayrılsınlar!” deyirdi...

... Artıq gec idi ...


Rahiyyə Siracova