Qulamhüseyin Əlibəyli: “AXCP və Müsavat birləşsə belə...”
19 İyul 2010 Bazar Ertəsi 17:15
Qulamhüseyin Əlibəyli: "Partiya üzvlərinin arasındakı münasibət səmimi münasibət olmayacaq".
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin ANS PRESS-ə müsahibəsi:

- Qulamhüseyn müəllim, Aydınlar Partiyası builki parlament seçkisinə hazırlaşırmı və bu hazırlığın hansı mərhələsindəsiniz?
- Şübhəsiz, biz seçkilərə hazırlaşırıq. Ümumiyyətlə, Aydınlar Partiyası bütün seçkilərdə iştirak etməyin tərəfdarıdır. Bu dəqiqə rayonlar üzrə namizədlərin müəyyənləşdirilməsi və onların təbliğat-təşviqat işini quracaq qərargahların yaradılması mərhələsindəyik.

- Belə anladım ki, rəhbərlik etdiyiniz partiya seçkiyə təkbaşına gedir. Hansısa bir blokda yer almaq və ya hansısa partiya ilə birgə seçki prosesində iştirak etmək fikriniz yoxdur?
- Bizim partiyanın qəbul etdiyi qərara əsasən seçkidə təkbaşına iştirak edəcəyik. Amma eyni zamanda hər hansı partiya ilə əməkdaşlıq və ya partiyalarla bir blokda seçkiyə getmək də istisna edilmir. Hələlik isə nə bizə belə təklif olmayıb, nə də biz kiməsə əməkdaşlıq təklifi etməmişik.

- Neçə namizəd müəyyənləşdirə bilib Aydınlar Partiyası?
- Bir neçə dairədən namizədlərimizi müəyyənləşdirmişik. Proses davam edir. Ona görə də dəqiq rəqəm deyə bilməyəcəyəm.

- Ümumiyyətlə, Azərbaycanda hər hansı müxalifət partiyasının təkbaşına uğur əldə etməsini siyasətçilər mümkünsüz sayır. Əksər siyasi partiyalar bloklaşmanın, müxalifətin daha böyük spektrinin bir yerdə olmasının tərəfdarıdır. Amma bloklaşmanı vacib saymayan qüvvələr də var. Məsələn, siz, BAXCP, AMİP. Sizcə hansı forma daha effektlidir?
- Biz bloklaşmanın əleyhinə deyilik. Əslində seçkidə blok şəklində iştirak etmək daha məqsədəuyğun olardı. Ancaq Azərbaycanda bloklaşma təcrübəsi göstərir ki, doğurdan da bu siyasət çox zaman uğurlu alınmır. Ya qısamüddətli olur, ya da prosesin ortasında xoşagəlməz sürprizlər ortaya çıxır. Ona görə də biz təkbaşına cəmiyyətdə siyasi mövqeyimizi və gücümüzü müəyyənləşdirməyə çalışırıq. Bundan sonra bloklaşma barədə düşünmək olar. Azərbaycanda siyasi durum belədir ki, bir neçə partiya özünü daha nəhəng partiya hesab edir. Aydınlar Partiyası isə 1 ildən bir az artıqdır ki yaradılıb. Buna görə də hələ cəmiyyətdə öz mövqeyimizi müəyyənləşdirmək üçün fəaliyyət göstəririk.

- Azərbaycanda seçki qabağı mühiti necə dəyərləndirərdiniz? Baxmayaraq ki, seçkiyə bir neçə ay qalıb, hələ də seçki ab-havası hiss olunmur...
- Burada sizinlə razıyam. Seçki mühiti hiss olunmur. Seçki mühiti nə zaman olur? O zaman olur ki, ilk növbədə seçki qanunvericiliyi çox mükəmməl olur. İkinci vövbədə seçkiqabağı şərait normal olmalıdır. Azərbaycanda isə seçkiqabağı mühit çox ağırdır. İnsan haqlarının pozulması, azad mətbuata basqılar, bu və ya digər jurnalistin saxta ittihamlarla həbs edilməsi, müxalifət siyasi partiya funksionerlərinə qarşı təxribatların hazırlanması göz qabağındadır. Bura sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasını da əlavə etmək olar. Bütün bunlar seçkiqabağı şəraitin necəliyini göstərən amillərdir. Azərbaycanda bu gün normal seçki keçirmək üçün şərait yoxdur.

- Bu gün ən çox müzakirə olunan məsələ sərbəst toplaşmaq azadlığı ilə bağlı məsələdir. Bu problem müxalifət partiyalarının və beynəlxalq təşkilatlarla Azərbaycan hökumətinin müzakirə etdiyi məsələlərdir. Əsasən bir neçə partiya kütləvi aksiyalara start verib. Bəziləri isə mitinqləri, piketləri effektsiz, vaxtı keçmiş aksiya hesab edir. Aydınlar Partiyasını da meydanlarda görmürük. Siz necə düşünürsünüz, mitinqlər dövrü bitibmi?
- Bizim ümumi mövqeyimiz bundan ibarətdir ki, mitinqlər, piketlər də siyasi mübarizə formasıdır, bunların keçirilməsi vacibdir. Ancaq bunlar yeganə siyasi mübarizə formaları deyil. Aydınlar Partiyasının qəbul etdiyi qərara görə, biz yalnız bir məsələ ilə bağlı mitinqlərdə iştirak edə bilərik. Bu da Dağlıq Qarabağ problemi ilə bağlı mitinqlərin keçirilməsidir. Bilirsiniz ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son zamanlar həyəcanlı xəbərlər gəlir. Bəlli olub ki, yenilənmiş Madrid prinsipləri Azərbaycan hakimiyyəti tərəfindən rəsmən qəbul edilib. Belə olan halda, digər partiyalarla birgə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı meydanlara çıxa bilərik. Seçki ilə bağlı isə mövqeyimiz ondan ibarətdir ki, biz mitinqləri seçki qabağı şəraitdə yox, seçki marafonu başlayan zaman təbliğat vasitəsi kimi keçirəcəyik. Yəni biz mitinqləri mümkün hesab edirik, ancaq hələ iştirak etmirik.

- Seçkiyə olan beynəlxalq marağı şərh etməyiniz də maraqlı olar. Azərbaycanda demokratik seçkilərin keçirilməsi beynəlxalq təşkilatların, demokratik ölkələrin marağındadırmı?
- Təbii ki, hər bir ölkənin müxtəlif maraqları ola bilər. Bu iqtisadi, siyasi və demokratik maraq ola bilər. O cümlədən beynəlxalq təşkilatların da müəyyən ölkələrdə siyasi, iqtisadi, demokratik və insan haqqları ilə bağlı marağı ola bilər. Düzdür, ATƏT, Avropa Şurası və Venesiya Komissiyası illərdir çalşırlar ki, Azərbaycanın Seçki Məcəlləsi, seçki praktikası təkmilləşsin. Ancaq təcrübə göstərir ki, Azərbaycan hakimiyyəti bu təşkilatlar qarşısında götürdüyü öhdəliklərə diqqətlə riayət etmir. Eyni zamanda mən hesab edirəm ki, ATƏT-in və digər beynəlxalq təşkilatların bu yöndə səyləri də yetərli deyil. Hakimiyyətin ünvanına göndərilən mesajları da yetərli saymaq olmaz.

- Seçki Məcəlləsi ilə bağlı müxalifətin və beynəlxalq təşkilatların müəyyən tələbləri var. Ancaq Seçki Məcəlləsinə daha fərqli dəyişikliklər edildi. Bunu necə müəyyənləşdirərdiniz?
- Seçki Məcəlləsinə dəyişikliklər edilməsi vacibdir. Xüsusilə seçki komissiyalarının tərkibinin yenidən formalaşmasına ehtiyac var. Bu komissiyalar elə bir tərkibdə formalaşmalıdır ki, Azərbaycanda fəaliyyət göstərən hər bir siyasi qüvvə onlara etimad göstərsin. Ancaq bugünkü komissiyalara cəmiyyətin böyük hissəsi etimad göstərmir. Belə bir vəziyyətdə hakimiyyət seçki müddətinin vaxtını azaltdı. Bununla da hakimiyyət seçki zamanı insanların seçicilərlə görüşmək imkanlarını azaltdı və seçki komissiyalarının törətdiyi qanunsuzluğun uzun müddət davam etməsinin qarşısını aldı. Mən əslində bunu belə qəbul edirəm ki, hakimiyyət seçki saxtakarlığını bir daha təsdiq etmiş oldu.

- Azərbaycanda heç vaxt seçki öncəsi müxalifətin böyük bir blokunu yaratmaq mümkün olmur. Sizcə, əgər məqsəd birdirsə, böyük birliyə nail olmaq niyə mümkün olmur?
- Doğru yanaşmadır. Əslində burda problem siyasi deyil. Bu bəzi partiyaların rəhbərliyində olan insanların ambisiyaları ilə bağlıdır. Ola bilsin ki, o insanlar digərləri ilə bir yerdə olmaq istəmirlər. Baxırsan ki, məqsəd birdir, siyasət eynidir, taktiki və mexaniki məsələlərdə böyük ölçüdə üst-üstə düşmə var. Ancaq bir yerdə ola bilmirlər. Bunu da yalnız partiya rəhbərlərinin ambisiyaları ilə izah etmək olar.

- Bu gün AXCP ilə Müsavat partiyasının bir yerdə olması müzakirə mövzusudur. Bu iki partiya blok yaratmaq, hətta ilin sonunda qurultay keçirib birləşmək istəyir. Siz hər iki partiyanı yaxşı tanıyan siyasətçisiniz. Necə düşünürsünüz, AXCP-Müsavat birliyi nə qədər səmimi birlik ola bilər?
- Fikrimcə bu yöndə danışıqların, müzakirələrin başlanması hər iki partiya üçün faydalı olan bir hadisədir. Hətta bu danışıqların bütövlükdə müxalifət üçün də faydası ola bilər. Eyni zamanda iki partiyanın bir yerdə olması müxalifət partiyalarının gözləntilərini doğruldan bir amil də ola bilər. Ancaq bu addım xeyli gecikib. Ola bilsin ki, yenə şəxsi münasibətlər bu danışıqları ləngidib. Eyni zamanda blok yaransa da bunun səmimi blok olacağına inanmaq çətindir. Hətta bu iki partiya birləşsə belə, partiya üzvlərinin arasındakı münasibət səmimi münasibət olmayacaq. Mən bu iki partiya arasındakı münasibətləri yaxşı bilirəm. Uzun müddət onların arasında soyuqluq olub. Yenə təkrar edirəm ki, bu münasibətlər siyasi xarakterdən daha çox, şəxsi xarakter daşıyır.

- Builki parlament seçkisindən nə gözləyirsiniz?
- Biz partiya kimi bu seçkidən çox şey gözləyirik. Hesab edirik ki, seçkidə iştirak edən insanlar hakimiyyət nümayəndələrindən daha çox müxalifət nümayəndələrinə səs verəcəklər. Ancaq Azərbaycanda seçki qabağı mühit elədir ki, hakimiyyət seçki prosesini tam olaraq nəzarətə götürə bilib. Belə olan halda rəsmi nəticələri növbəti dəfə hakimiyyət özü müəyyənləşdirəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar