Ombudsman NATO əlaqələndiricisini qəbul edib
04 Noyabr 2010 Cümə Axşamı 20:05
Görüşdə alyansla Azərbaycan arasındakı əlaqələrin inkişafı müzakirə olunub.
Azərbaycan Ombudsmanı Elmira Süleymanova NATO-nun Qafqaz üzrə siyasi əlaqələr və təhlükəsizlik siyasəti idarəsinin əlaqələndiricisi Zbiqnev Ribatskini qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Zbiqnev Ribatski NATO tərəfindən tərəfdaşlıq vasitəsilə təhlükəsizliyin təmin edilməsi, tərəfdaşlığa qoşulmuş ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrin yaradılması və fəallaşdırılması, həmçinin «Sülh Naminə Tərəfdaşlıq» Proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri üçün müvafiq tədris proqramlarının hazırlanması və həyata keçirilməsi, 5 aylıq tədris kurslarının təşkil edilməsi barədə qısa məlumat verib.

Qeyd olunub ki, yüksək rütbəli zabitlər üçün tərtib olunmuş tədris proqramlarında orduya ictimai nəzarət mövzusunda da treninqlər nəzərdə tutulmuş və belə treninqlərin həyata keçirilməsində Ombudsmanın da iştirakının zəruriliyi vurğulanıb.

Görüşdə həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ODİHR) tərəfindən ingilis dilində nəşr olunmuş Silahlı Qüvvələrdə insan hüquqları və əsas azadlıqları haqqında tədris vəsaitinin Azərbaycan dilinə tərcümə olunması ilə bağlı müzakirələr aparılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar