Müsavat Məclisinin iclasında dava düşüb
04 Sentyabr 2010 Şənbə 18:55
Müsavat məclis üzvü ilə Mərkəzi İcra Aparatının rəhbəri arasında mübahisə yaranıb.
Müsavat Məclisinin bugünkü iclasında Məclis üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbasın partiya sıralarından xaric olunması məsələsi müzakirəyə çıxarılıb.
APA-nın xəbərinə görə, Məclis üzvü İbrahim İbrahimli Tapdıq Abbası müdafiə edib: “Mən onun hərəkətini bəyənməsəm də, istənilən məsələni müzakirə edərkən əqidə dostları olduğumuzu əsas götürməliyik”.
Məsələnin müzakirəsi ilə bağlı reqlament müəyyənləşdirilərkən Məclis üzvü Asif Məmmədov və Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı arasında mübahisə yaranıb. Mübahisəyə Arif Hacılının qardaşı Mustafa Hacıbəyli də qoşulub. Daha sonra Asif Məmmədov Arif Hacılının üzərinə yeriyib. Məclis üzvləri mübahisənin əlbəyaxa dava həddinə çatmasına imkan verməyiblər. İclasda 5 dəqiqəlik fasilə elan edilib.
Xatırladaq ki, Müsavat Məclisinin bugünkü iclasının əvvəlində Məclis üzvü Hüseyn Məlikov çıxış edərək, 22 nəfərin imzaladığı müraciəti oxuyub. Müraciətdə Məclis üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbasın bəzi hərəkətləri Müsavat ideyalarına xəyanət kimi qiymətləndirilib, onun Müsavat Partiyasından xaric olunmasını və 81 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədliyinin dəstəklənməməsi tələb olunub.
Bundan sonra məsələnin gündəliyə daxil edilib-edilməməsi ətrafında mübahisələr başlayıb. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Məclis üzvü Mustafa Hacıbəyli və başqaları müraciətin gündəliyə daxil olunmasında israr ediblər. Təklif səsə qoyularaq qəbul edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: