İqbal Ağazadə AXCP-Müsavat əməkdaşlığını “kiçik birlik” hesab edir
18 Avqust 2010 Çərşənbə 12:30
“Ümid Partiyası adından müxalifətin daha böyük birliyinin tərəfdarı kimi çıxış etmişəm. Kiçik birliklər şəklində fəaliyyəti isə ictimai-siyasi proseslərin dəyişməsi və effektiv təsir edəcəyi baxımından nikbin qəbul etmirəm.
Ona görə də hesab edirəm ki, Ümid Partiyasının daha kiçik bloklarda və ya formatlarda təmsil olunması partiyamızın və cəmiyyətimizin maraqlarına o qədər də cavab vermir. Bunu seçməkdənsə, partiyamız təkbaşına mübarizəyə üstünlük verir”. Bunu APA-ya açıqlamasında Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə deyib.
Ölkədəki bütün partiyalarla demokratik seçki keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklərini deyən İ. Ağazadə yaradılması gözlənilən ALP-VİP-ADP seçki blokuna qoşulmayacağını bildirib. O, indiki reallıqda ümumiyyətlə bloklaşma istiqamətində addımlar atmağa önəm vermədiyini vurğulayıb: “Bu gün AXCP-Müsavat da bizi hər hansı birliyə dəvət etsə, orada da olmayacağıq. Çünki xırda birliklərlə bir yerdə olmaqdansa, partiyamız adına daha böyük iş görə bilərik”.
İ. Ağazadənin fikrincə, müxalifətin bütün spektri, o cümlədən Azərbaycanın ən güclü təşkilatlanmış partiyalarından olan Ümid Partiyasının təmsil olunmadığı AXCP-Müsavat birliyi kiçik birlikdir.
İ. Ağazadə Ümid Partiyasının digər partiyalarla əməkdaşlığa açıq olmaq şərtilə parlament seçkisinə təkbaşına gedəcəyini qeyd edib: “Artıq 79 dairə üzrə namizədimizi müəyyənləşdirmişik, bu istiqamətdə proses davam edir”.
Qeyd edək, AXCP və Müsavat Partiyasının rəhbərliyi bu il keçiriləcək parlament seçkisinə blok şəklində qatılmaq istiqamətində danışıqlar aparır. APA
DOSTLARINLA PAYLAŞ: