İlham Əliyev Nursultan Nazarbayevə məktub göndərib
15 Dekabr 2011 Cümə Axşamı 19:14
Azərbaycan prezidenti qazaxıstanlı həmkarını ölkəsinin müstəqilliyinin 20 illiyi münasibətilə təbrik edib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevə məktub göndərib. ANS PRESS-in “AzərTAc”a istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:

“Hörmətli Nursultan Abişeviç, Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyi münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ötən illər ərzində Qazaxıstan hərtərəfli və dinamik inkişaf yolu keçib. Siyasi, iqtisadi və humanitar sahələrdə həyata keçirilən islahatlar, dünya birliyinə inteqrasiya istiqamətində atılmış mühüm addımlar müasir Qazaxıstanın simasını formalaşdırmış, ölkənizə beynəlxalq aləmdə böyük nüfuz qazandırıb.

Ortaq mənəvi dəyərlərdən qaynaqlanan Azərbaycan-Qazaxıstan münasibətləri bu gün özünün ən yüksək səviyyəsi ilə səciyyələnir. Tarixən möhkəm dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olmuş xalqlarımızın yekdil iradəsi ilə bu münasibətlər daim inkişaf etməkdə və zənginləşməkdədir.

Məmnunluqla qeyd etmək istərdim ki, qarşılıqlı etimada və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bütün digər sahələrdə səmərəli əməkdaşlığımız üçün münbit zəmindir. Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq və regional təşkilatlar çərçivəsində birgə işimizi müvəffəqiyyətlə davam etdirmək üçün bundan sonra da ardıcıl səylər göstərəcəyik”.

İlham Əliyev bu əlamətdar gündə Nursultan Nazarbayevə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına sülh və firavanlıq diləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar