ANS Türkmənistanda xüsusi reportaj hazırlayıb
20 Oktyabr 2010 Çərşənbə 22:35
ANS-in əməkdaşına Türkmənistanın istənilən nöqtəsində və istənilən mövzuda çəkiliş aparmaq üçün hər cür şərait yaradılıb.
İlk dəfə olaraq Türkmənistan prezidentinin dəvəti ilə Azərbaycan jurnalisti, ANS-in xüsusi müxbiri Qənirə Ataşova Türkmənistana ezam edilib. Prezident Qurbanqulu Berdımuhammedovun xüsusi tapşırığı ilə ANS-in əməkdaşına Türkmənistanın istənilən nöqtəsində və istənilən mövzuda çəkiliş aparmaq üçün hər cür şərait yaradılıb. ANS-in əməkdaşı Türkmənistandan ilk olaraq neft-qaz sektoru ilə bağlı reportaj hazırlayıb.
Müxbirin bildirdiyinə görə, ölkə qazını Avropa bazarlarına daşıyan yeganə yol Rusiyadan keçir. Bundan başqa Rusiya, Qazaxıstan və Türkmənistan Xəzər boyunca uzanacaq kəməri reallaşdırmağa çalışır. Oktyabrın 21-də bu ölkəyə səfərə gələcək Rusiya prezidenti Dmitri Medvedyevin bu layihə ətrafında müzakirə aparacağı gözlənilir. Amma rəsmi Aşqabad ölkənin qaz ötürücülüyü sahəsi üçün alternativ layihələr də hazırlayır. Bura əsasən üç layihə daxil edilib: Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan, ikinci Türkmənistan-Azərbaycan-Türkiyə-Avropa bazarları, üçüncü layihəyə isə Türkmənistan-İran-Türkiyə və Avropa.
Türkmənqaz Dövlət Konserninin rəsmisi Aşiran Almuratov bildirib ki, ölkəsi “Yöltən Osman” yatağının işlənməsində əldə olunan ehtiyaların bütün istiqamətlərə nəqlində maraqlıdır: “Ən böyük yataq "Yöltən Osman" yatağıdır. Əsas hasilat buradan aparılır. “Yağışlar” qaz yatağı da var. Bundan başqa bir neçə yatağın da açılması üçün kəşfiyyat işləri davam etdirilir”.
Hələlik Türkmənistan ölkənin enerji resusrlarının bir qismini Azərbaycan vasitəsi ilə dünya bazarına çıxarır. Xəzər dənizinin sahilində yerləşən Türkmənbaşı şəhəri Xəzərin neft və qazının Avropa bazarlarına ötürmək üçün əlverişli nöqtədir. Dənizin sahilində böyük neft və qaz zavodları yerləşir. Mayeləşmiş qaz və neft dəmiryolu vasitəsi ilə Türkmənbaşı limanına daşınır.
Türkmənbaşı həm də azərbaycanlıların yaşadığı şəhərdir. Buradakı azərbaycanlıların sayı 7 mindən çoxdur. Yerli əhalidən heç nəyi ilə fərqlənmirlər. Sorğuya cəlb olunan azərbaycanlılar Türkmənistandakı şəraitlərindən, ölkə prezidentindən olduqca razı olduqlarını bildiriblər.
Türkmənbaşıda yaşayan həmvətənlərimizə bazarda, məktəbdə, həm də zavodda rast gəlinı. Türkmənistan vətəndaşları kimi onlar da ölkənin kommunal xidmətlərindən azaddır. Çətinlikləri isə yalnız Azərbaycandan Türkmənbaşı limanına sərnişin gəmisinin olmamasıdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: