Azərbaycanda 409 nəfər HİV-ə yoluxub
01 Dekabr 2010 Çərşənbə 14:50
Azərbaycanda QİÇS-dən ölüm halları artıb
Bu ilin 11 ayı ərzində Azərbaycanda HİV-ə (insanın immun çatışmazlığı virusu) yoluxanların sayı 409 nəfərdir. Onlardan 398 nəfəri milliyyətcə azərbaycanlı, 11 nəfəri isə əcnəbidir. Respublika QİÇS-lə (Qazanılmış immun çatışmazlığı sindromu) Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirovanın sözlərinə görə, ötən illə müqayisədə bu il xəstələrin sayında artım müşahidə olunmayıb. Əksinə bu il HİV-ə yoluxanlar arasında azalma müşahidə olunub.

Qeyd edək ki, Azərbaycanda HİV-ə yoluxan xəstələrdən 16,8 faizini qadınlar, 83,2 faizini isə kişilər təşkil edir. Kişilər arasında bu virusun artım dinamikası onların narkotik maddələrin istifadəçi olması ilə izah edilir. H. Qədirova hazırda HİV-dən əziyyət çəkənlərin demək olar ki, əksəriyyətinin həbsdə olan məhbuslar olduğunu bildirib. Mərkəz tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, ötən il HİV-ə yoluxma faktı daha çox cənub bölgəsində aşkarlansa da, 2010- cu ildə siyahıda digər bölgələrimiz də liderlik edir.

Qeyd edək ki, ötən illərlə müqayisədə bu il HİV-ə yoluxan qadınların sayında artım müşahidə olunub. Buna səbəb evli kişilərin yoluxaraq virusu həyat yoldaşlarına keçirmələridir. Lənkəran HİV-in diaqnostikası labaratoriyasının bu ilin 11 ayı üzrə statistikasına görə, yeni yoluxanlar arasında qadınlar 20 faiz təşkil edir. Rəqəmlərlə desək, Lənkəranda 6, Astarada 5, Masallıda 4, Cəlilabadda 3, Lerikdə 4, Yardımlıda 2 qadın QİÇS-dən əziyyət çəkir.

QİÇS-dən ölüm hallarına gəlincə, bu sahədə də arzuolunmaz artım göz qabağındadır. Bu ilin 11 ayı ərzində təkcə Lənkəran rayonunda 6 nəfər bu xəstəlikdən həyatını dəyişib. Yoluxanların faiz nisbətində inyeksion narkomanlar üstünlük təşkil edir.

HİV diaqnostikası laboratoriyasının həkimi Rəhiməli İbişovun sözlərinə görə, Lənkəran rayonunda bu il 27 aşkar olunma olub. Cəmi 10 il ərzində qeydiyyatda duranlar isə 214 nəfərdir. Astara rayonunda 20 aşkarlanma, 98 qeydiyyatda duran, Masallıda 14 aşkar olunma, 80 qeydiyyata duran, Cəlilabadda 8 aşkarlanma, 30 nəfər qeydiyyatda duran, Yardımlıda 1 aşkar olunma, 4 qeydiyyatda duran var. Region üzrə isə bu say 70 aşkarolunma və 432 qeydiyyatda olandır.

Hazırda Azərbaycanda 1000- ə yaxın ailə HİV-dən əziyyət çəkir. Onların əksəriyyətində ər və arvadın virusa yoluxması təşkil etsə də, 48-dən çox ailədə bu virusun daşıyıcısı qadın, 550-yə yaxın ailədə isə kişilərdir.

Qeyd edək ki, Azərbaycanda 1987- ci ildən bu yana HİV-ə yoluxan xəstələrdən 339 nəfər dünyasını dəyişib ki, onlardan 334 nəfəri miliyyətcə azərbaycanlılardır. O cümlədən HİV daşıyıcısı olan uşaqların da sayı kifayət qədərdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar