Sümük iliyi xərçəngi müalicə olunurmu?
06 İyul 2010 Çərşənbə Axşamı 19:40
Azərbaycanda 150-170 nəfər sümük iliyi xərçəngindən əziyyət çəkir.
Cəmiyyəti narahat edən xəstəliklərdən biri də qanı yaradan sümük iliyində xərçəng xəstəliyidir. Çox təəssüf ki, bu xəstəlik hələ də bir çox dövlətlərdə böyük problemlərdən sayılır. Azərbaycanda qeyd olunan xəstəlik barədə vəziyyəti öyrənmək üçün B.Ə.Eyvazov adına Elmi-tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna yollandıq. Məsələ ilə bağlı Hematologiya və Transfuziologiya İnstitutunun baş həkimi, tibb elmləri namizədi İsgəndər Bağırov ANS PRESS-ə açıqlamasında respublikada böyüklər arasında sümük iliyi xəstəlinə görə ildə 150-170 nəfər müraciət etdiyini bildirdi. Həkimin sözlərinə görə, uşaq kontengenti üzrə hər ildə təxminən 80-110 nəfər bu xəstəliklə əlaqədar müraciət edir.

İlik xərçəngi sümük iliyində müəyyən dəyişikliklər nəticəsində yaranır. Xəstəliyin ilkin əlamətləri səbəbsiz hərarətin artması, orqanizmə daxil olan hərarətsalıcı dərmanların effektsiz olmasıdır. Bundan başqa, xəstələrin sümüklərində möhkəm ağrılar olur. Çox vaxt bunu səhvən başqa xəstəliklərlə qarışdırırlar və müalicəni tam başqa üsulla aparırlar. Belə xəstələrdə çox vaxt əhval-ruhiyyə pisləşir. Bu da xərçəng xəstəliklərinin hamısı üçün xarakterik olur.

İnstitutun baş həkimi sonrakı etaplarda xəstəliyin inkişafı ilə əlaqədar insanda səhhətin olduqca dəyişdiyini bildirdi. Xəstəlik qan ilə bərabər bədənin digər orqanlarına da nüfuz edir. Bununla da insanda qan azlığı yaranır. Qanın laxtalanmasında iştirak edən trombositlərin miqdarının azalması ilə əlaqədar qan laxtalanması pozulduğuna görə həmin xəstələrdə kiçik dəri qansızmaları, selikli qişasındakı qansızmalardan tutmuş, aktiv qanaxmalara qədər bütün hallar xəstəliyin əlamətlərindən sayılır. Burada intensiv burun, diş, böyrək və digər orqanların qanaxmaları misal ola bilər. Bu zaman bədənin müqaviməti zəiflədiyi üçün insanda müxtəlif infeksion xəstəliklər yarana bilər. Həmin ağırlaşmalar pnevamaniya, plevrit şəklində, böyrəkdə müəyyən dəyişikliklər formasında özünü göstərir.
Həkim burada ən dəhşətli halın xəstənin düzgün müalicə almamasında görür.

Kəskin leykozların uşaqlar arasında daha çox təsadüf edildiyini bildirən İsgəndər Bağırov böyüklər arasında ən çox mieloblastlara (mieloid) rast gəlindiyini vurğuladı. Uşaqların leykozları böyüklərinkindən fərqli olaraq müalicə olunma şansı çoxdur.

Həkim leykozların bir neçə üsul ilə müalicə olunduğunu qeyd etdi. Leykozlar reliksiyanın induksiyası, konsolitasiya, saxlayıcı terapiya üsulu ilə müalicə olunur. Reliksiyanın induksiyası üsulu xəstəliyin kəskin dövründə kimyəvi praparatların köməyilə sümük iliyində şiş hüceyrələrini öldürməklə müalicə edilir. İkinci müalicə etapı konsolitasiyadır. Burada iki il ərzində hər ayda kurslar keçirilir. Sümük iliyinin transplantasiya (köçürülmə) əməliyyatıdır. Həkim bu əməliyyatın Azərbaycanda hələ də aparılmamasına çox təəssüfləndiyini bildirdi. Onun sözlərinə görə, sümük iliyinin köçürülməsi iki formada olur. Bir xəstənin özündən, ikinci halda yaxın qohumlarından götürülür.
Digər müalicə üsulu isə saxlayıcı terapiyadır. Bu zaman heç bir müalicə aparılmır. Xəstələr buraxılır özbaşına. Bu zaman xəstələrin müəyyən hissəsi 5 il müddətinə sağ qalırsa, demək insan artıq sağalıb. Əgər 5 il müddətinə xəstənin səhhətində hər hansı bir pisləşmə olarsa, onda yuxarıda deyilən kimi sümük iliyinin köçürülmə əməliyyatı aparılır. Bu əməliyyatlar adətən Almaniyada və Rusiyada aparılır.

“Son zamanlar gənc nəsil artıq bu sahəyə maraq göstərir və mən düşünürəm ki, gələcəkdə bizdə də yaxşı ixtisaslaşmış həkim kollektivinin sayı bəs edəcək qədər olacaq” söyləyən İsgəndər Bağırov gələcəkdə sümük iliyinin köçürülmə əməliyyatının Azərbaycanda keçiriləcəyinə ümid etdi.

Qanda kəskin leykoz xəstəliyi dərman preparatları ilə müalicəsində sağalma ehtimalı 25-30%-dir. Lakin sümük iliyinin köçürülməsində 50% sağalma ehtimalı var.

Həkim bu xəstəliyin keçici olmadığını qeyd etdi. Son dövrdə xəstəliyin artdığını qeyd edən İsgəndər Bağırov səbəbi xəstəliyin diaqnostikasında yaranan boşluqlarda görür. Xəstəlik şüalanma zamanı daha çox təsadüf edilir. Burada kimyəvi şüalanmalar, elektrik şüalanmaları və texniki şüalanmalar göstərilə bilər. İnsanın kompüter, telefon və s. şüaburaxan texnikalarla uzunmüddətdə təması bu üzdən məsləhət deyil. Xəstəliyə şərait yaradan amillərdən biri də radiasiyanın çox yayılmasıdır.

İnsanda qorxu, əsəb hissi xəstəliyin üzə çıxması üçün bir faktor ola bilər. Belə xəstələr adi soyuqdəymə zamanı təhlükəli məqam yaşaya bilər. Əgər xəstəlik vaxtında təyin olunarsa, bunun müalicəsi də bir qədər effektiv olar. Həkim İsgəndər Bağırov müalicənin tam təmənnasız aparıldığını bildirdi. Hazırda institutda müalicə alan 46 xəstədən 26 nəfəri kəskin qan leykozundan əziyyət çəkir.

Sonda arzu edərdik ki, xəstəlik bizə qalib gəlməsin, biz xəstəliyi məğlub edək. Bütün səhhətində problemlər yaşayan vətəndaşlarımıza şəfa arzu edirik! ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar