Komunizmdən Kapitalizmə
Rasim Tanrıverdioğlu
06 Aprel 2009 Bazar Ertəsi 17:48

    Bundan on səkkiz il əvvəl Sovet İttifaqı yıxıldı və komunist sistem ortadan qalxdı. Yəni on səkkiz ildir ki, Azərbaycan’da “Bazar İqtisadiyyatı” hakimdir. Amma insanlarımızın çoxu bu yeni sistemə ayaq uydura bilmədilər. Ən böyük səbəbi də, komunist sistemin, kapitalist sistemin tam tərsi olmasıdır. Yəni insanlarımızın çoxu kapitalizmin ehtiyacı olan qabiliyyət və xüsusiyyətlərə sahib deyillər.

    Komunist sistemdə risk yoxdur.

    Əvvəlcədən müəyyən edilmiş saatlar arasında işləyib, yenə əvvəlcədən müəyyən edilmiş miqdarda maaşını alırdın. Özəl mülkiyyət deyə bir şey yox idi və bütün lazımi xüsusiyyətlər əvvəlcədən müəyyən idi.

     Müəssisələr dövlətin olduğu üçün heç kim müəssisəni inkişaf etdirmək ehtiyacı hiss etmirdi. Və yenə bunların hamısının altında yatan ana səbəb, özəl mülkiyyətin olmaması idi.

     Əgər özəl mülkiyyət yoxdursa, rəqabət də olmayacaq. Əgər özəl mülkiyyət yoxdursa, (istisnalar xaric) heç kim planları daha ucuz və daha keyfiyyətli yoldan həyata keçirməyə çalışmayacaq. Əgər özəl mülkiyyət yoxdursa, heç kim “Görəsən on beş il sonra dünya necə olacaq və on beş il sonra dünyada söz sahibi olabilmək üçün hansı qabiliyyətləri qazanmalıyam, hansı yönlərimi inkişaf etdirməliyəm?” deməyəcək. Və əgər özəl mülkiyyət yoxdursa, heç kim risk altina girmək istəməyəcək.

     Nə acıdır ki, insanlar qabiliyyətlərindən uzun müddət istifadə etməzlərsə qabiliyyətləri yox olmaya məhkum olur.Və eyni şəkildə heç kim ehtiyacı olmayan bir qabiliyyəti qazanmaq ya da inkişaf etdirmək üçün zamanını və rahatlığını fəda etməyəcək.

     Kapitalizm tamamiylə bilgi, qabiliyyət, fərasət, cəsarət, fürsətləri görə bilmək, fürsətlər yarada bilmək və dəyərləndirə bilmək və risk ala bilmək kimi amillərin üzərinə quruludur.

     Komunist sistem asfalt bir yolda irəliləmək kimidir. Bu yol çox qısa və sadəcə şəhərin kənarından keçən bir yoldur. Ucu ya bir zavoda çıxır ya da bir tarlaya. Yəni bir baxıma əvvəlcədən programlanmış kimi bir həyatdır.

     Amma kapitalizm meşədəki bir yol kimidir. Yollar əyri-üyrü, hər an, hər dəqiqə bir dərəyə ya da bir tələyə düşmə ehtimalın var. Hər an qarşına bir qurdun çıxma ehtimalı var amma eyni zamanda getdiyin yolun prezident sarayına çıxma ehtimalı da var, bir xəzinəyə çıxma ehtimalı da var, bir məzarlığa çıxma ehtimalı da.

     Yəni demək istədiyim; komunist sistemdə risk yoxdur, gözlənilməz fəlakətlər də yoxdur, möhtəşəm fürsətlər də yoxdur.Amma kapitalizmdə həm milyarder olma ehtimalın var, həm də aclıqdan ölmə ehtimalın.

     Meşə və asfalt yol misalına bir də qabiliyyətlər tərəfindən baxaq.

     Düz asfalt yolda gedən bir insan ayaqlarını hərəkət etdirə bilirsə və irəli addım ata bilirsə başqa problemi yoxdur.Amma meşədə yol gedən bir insan gəzməyi bilməlidir, qabağına çay çıxma ehtimalına qarşı üzməyi bilməlidir. Qurda qarşı savaşmağı, gecəyə qarşı qaranlıqda görməyi, soyuğa qarşı tonqal yandırmağı, hər an qabağına çıxabiləcək bir ilana qarşı diqqətli olmağı öyrənmək məcburiyyətindədir.

     Əgər bu insan yuxarıda saydığımız qabiliyyətlərə sahib deyilsə, bu meşədə milyader olmaq bir tərəfə, böyük ehtimal həyatda qalmaq belə onun üçün böyük bir problem olacaq. Və eyni zamanda həyatının 30-40 ilini dümdüz asfalt yolda zavoda gedib gələn bir adamın o yaşdan sonra meşə qanunlarını öyrənməsi biraz çətindir.

     Amma imkansız deyil!

     Sovetin (bəzilərinə görə) gözəl zamanlarında heç bir risk görmədən yaşayan insanlarımızın həyatı asfalt yolda zavoda gedib gələn adamın həyatı ilə eynidir.

     Orta yaşlı və orta yaşın üzərindəki insanlarin kapitalizmə ayaq uydura bilməmələrinin səbəbi budur.

     Bu baxımdan gənclər daha şanslıdırlar.

     Amma şanslarını öz əlləri ilə yox etməsələr...


    Rasim TANRIVERDİOĞLU
    www.asikuzu.com