Kimin xəyallarını gerçəkləşdirəcəyik?
Rasim Tanrıverdioğlu
14 Mart 2009 Şənbə 14:56
    Dünyaya gəldiyimiz ilk gündən etibarən ana-atalarımız bizim gözəl və rahat bir həyat yaşamağımızı istəyirlər və bizim üçün bütün fədakarlıqlara qatlanırlar. (Qeyd: Mən də öz anamla və atamla qürur duyuram. “Ana və ata sizləri çox sevirəm və həmişə sizlərə layiq bir övlad olmağa çalışacağam!”)
    Buna baxmayaraq valideynlərin əksəriyyətinin yanılqıya düşdükləri amma zorla övladlarına qəbul etdirməyə çalışdıqları bır neçə nöqtə var.
 
    1. Valideynlər özləri keçmişdə eləmək istəyib amma eləyə bilmədikləri şeyləri övladlarının həyata keçirməli olduğuna ınanırlar.
    Məsələn: Ata həkim olmaq istəyib amma ola bilməyib. Oğul həkim olmalıdır vəssalam. Ata üçün həkimlik çox böyük bir xəyal idi amma həyata keçirə bilmədi xəyalını. Ata həkimliyi gözündə böyütdüyü üçün onu ən gözəl iş, əlçatmaz bir nöqtə olaraq görür. Amma əgər övlad həkimliyi sevmirsə həkimlik dünyanın ən gözəl işi belə olsa müvəffəq olma ehtimalı yoxdur. Çünki müvəffəqiyyətin ilk şərti işini sevməkdir.
 
    2. Öz inandıqları şeylərin xaricindəki hər şeyin səhv və işəyaramaz olduğuna inanırlar. Və bunun nəticəsində də öz fikirlərinin müzakirəsiz bir şəkildə qəbul edilməsini gözləyirlər.
    Halbuki bir insanın fikrinin %100 doğru olacaq deyə bir şey yoxdur. Bir şeyləri tartışmağı, promlemləri müzakirə etməyi bir çox valideyn övladının itaətsizliyi olaraq görur. Və bu da balacalıqdan etibarən övladın dünyanı, məsələləri və dünyanın gedişatını tədqiqi bir şəkildə öyrənməsinin önünü kəsir.
 
    3. Valideynlərimizin unutduqları bir nöqtə də “Bizim onların yaşadıqları zaman dilimində deyil, onlardan sonraki zaman dilimində yaşayacağımızdır.” Valideynlərimiz bizi özlərinin yaşadıqları zaman diliminin ehtiyaclarına cavab verəbiləcək şəkildə yetişdirməyə çalışırlar.
Valideynlərin çoxu uşaqlarını həddindən artıq qoruyur. Və bunun nəticəsində də gənclər həm psixolojik mənada, həm də maddi mənada çox dayanıqsız hala gəlirlər.
    Valideynlərin çoxu düşünürlər ki, əgər övladları onların istədiyi bir həyat tərzini seçməsə aclıqdan öləcək. Halbuki həqiqat bunun tam tərsidir. Sevdiyi bir peşə ilə məşğul olan bir insan ac qalmaz amma sevmədiyi bir işdə vaxt öldürməyə çalışan bir insanın müvəffəq olma ehtimalı yoxdur.
 
    Robert T. Kiyosaki, Türk dilinə “Zengin Baba, Yoksul Baba” şəklində tərcümə edilən (Rich Dad, Poor Dad) kitabında uşaqlıq xatirələrini belə yada salır.
 
    “Mənim iki atam var idi. Biri varlı, digəri kasıb idi. Varlı atam (əslində dostu Mike`ın atasıdır) işadamı, kasıb atam dövlət məmuru idi. Varlı atam orta məktəbi belə bitirməmişdi. Amma kasıb atam iki universitet qurtarmışdı. İki atam da oxumağın önəminə inanırdı. Amma oxuduqları şeylər fərqli idi. Kasıb atam diplomunun dərəcəsini yüksəltmək üçün oxuyurdu. Amma varlı atam dünyanı anlamaq üçün. Kasıb atam dövlətin yardımlarının gözəl şeylər olduğuna inanırdi amma varlı atam tamamiylə iqtisadi azadlıq tərəfdarı idi.
    Işin qəribə tərəfi odur ki, hər iki atam da hələ yolun başında idilər. Kasıb atam işinə daha yeni başlamışdı və çox kasıb deyildi. Və varlı atam da varlı deyildi. Amma həyata baxışları gələcəklərini dəyişdirdi.
    Kasıb atam “Mən heç vaxt varlı ola bilməyəcəyəm” deyirdi və ola bilmədi də. Amma varlı atam imkansız heç bir şeyin olmadığına inanırdı. Və sonunda Havai`nin ən varlı adamı oldu.
    Kasıb atam süfrədə pul ilə əlaqədar məsələlərin danışılmasını qadağan etmişdi. Amma varlı atam süfrədə bizə pul qazanma dərsləri verirdi. Kasıb atam “Çox çalış ki, böyük şirkətlərdə iş tapa biləsən” deyirdi. Amma varlı atam “Çox çalış ki, böyük şirkətlər qura və satın ala biləsən” deyirdi.
    Yəni ikisinin dedikləri birbirinin tərsi idi. Və mən varlı olan atamın nəsihətlərini dinləməyi seçdim.”
    Bizim cəmiyyətimizin mənzərəsinə nə qədər də oxşayır.
 
    Rasim TANRIVERDİOĞLU