Öz Qalanı Özün İnşa Et
Rasim Tanrıverdioğlu
09 Mart 2009 Bazar Ertəsi 00:01
Həqiqi kapitalist ölkələrdə işadamı olmaq, şəxsi işinlə məşğul olmaq, öz şirkətinin sahibi olmaq çox önəmlidir. Bizim ölkəmizdə də varlı olmanın şanı, şərəfi var. Amma yenə də sosyal baxımdan mütəşəbbisliyin önünü kəsən bir neçə amili ələ almaqda fayda var.
 
 Əvvəla Azərbaycan son on səkkiz ilə qədər komunist bir ölkə idi və özəl mülkiyyət yox idi. Zavod da, müəssisə də, tarla da, idarə də dövlətin idi. İstər birşeylər istehsal etməklə məşğul ol, istərsən də birilərinə xidmət etməklə məşğul ol, hər ikisi də dövlətin əlində idi.
 
 Yəni hansı işdə çalışırsan çalış, dövlət məmuru idin. Və dövlətə xidmət edib əməyinin qarşılığını alırdın.  Daha çox maaş almaq üçün, ya da daha çox alternativ gəlir(!) üçün daha yüksək vəzifələrdə olmalı idin. Və bunun üçün də daha yüksək dərəcəli bir diploma və daha çox təcrübəyə ehtiyacın var idi.
 
 Komunist sistemdəki Azərbaycan ilə Kapitalist sistemdəki Azərbaycanı bir örnəklə müqayisə edək.
 
Komunist sistemdə sadəcə bir qala var və çox yüksəklərdədir. Hər kəs o qalaya çıxmaq istəyir. Və o qalaya çixmağın əvvəlcədən müəyyən edilmiş bir neçə yolu var. Hər kəs o şərtləri yerinə yetirməyə çalışır. Kimisi daha yüksək dərəcəli diplom almağa çalışır, kimisi daha çox təcrübəli görünməyə çalışır, kimisi də qalanın qarovulçusuna və müdürünə hörmət etməklə” məşğuldur.
 
 Onsuz da başqa qala yoxdur. Sadəcə bir dənə dövlətin qalası var və başqa bir qala inşa etməyə də icazə yoxdur.
 
 Amma kapitalizm çox fərqlidir. Kapitalizmdə də dövlətin qalası var. Amma həqiqi mənada sərvət toplamaq, ölkənin və dünyanın iqtisadiyyatına dəyər qatmaq və söz sahibi olmaq istəyənlərin dövlətin qalasında çürüdəcəkləri zamanları yoxdur.
 
 Kapitalizmdə gözü yüksəklərdə olanlar öz qalalarını inşa etmək məcburiyyətindədirlər.
 
 Və öz qalasını inşa etmək istəyən bir insanın ehtiyacı olan bilik və qabiliyyətlər, başqasının qalasına dırmanmağa çalışan bir insanın ehtiyacı olan bilik və qabiliyyətlərdən çox fərqlidir.
 
 Yəni qısaca komunizmin zirvəsi dövlət məmurluğudur. Amma kapitalizmin zirvəsi mütəşəbbislikdir. Və bir mütəşəbbisin düşüncəsi də, baxışı da, bilgisi də, qabiliyyətləri də, hətta iş sistemi də bir məmurdan çox fərqlidir.
 
 Sosyal mənada Azərbaycan, Sovet İttifaqında olduğu müddətcə sadəcə məmurluğu gördüyü üçün mütəşəbbislik insanların çoxuna çox qəribə bir şey kimi gəlir.
 
 Hətta öz işi olan insanların çoxu dövlətin müəssisəsində işləmədiyi üçün özünü işsiz sayır. Orta yaşın üzərindəki insanların çoxu, özunun balaca bir sexi olub, sexində 3000 AYM qazanmaqdansa, bir dövlət müəssisəsində müdür olub 800 AYM almağı üstün tutarlar.
 
 Çünki həyatları boyunca sadəcə məmurları görub, onlar kimi olmaq istəyiblər ya da məmur olublar.
 
 Orta yaşın üzərindəki insanlar üçün hər səhər kostyumu giyinib, qalstukunu taxıb, diplomatını alıb işə getməsi və insanların ona müdür olaraq səslənmələri, müdür olaraq baxmaları daha çox pul qazanmaqdan daha önəmli gəlir.
 
 Amma kapitalist sistemdə müvəffəq omaq istəyən gənclərimiz oyunu kapitalizmin qaydaları ilə oynamaq məcburiyyətindədirlər.
 
 Universitet məzunu olmaq gözəl şeydir amma kapitalizmdə bilgi və qabiliyyətlərlə dolu olmayan bir diplom heç bir şey ifade etmir. Hətta sistemi yaxşı bilən, fürsətləri dəyərləndirə bilən, risk ala bilən, hadisələrə fərqli baxabilən və əzimli insanlar üçün diplom ikinci dərəcəli bir şeydir.
 
 Bu səbəblə gənclərimiz ən az universitet diplomu almağa çalışdıqları qədər də qabiliyyətlərini inkişaf etdirməyə, kapitalizmi, pulun necə qazanıldığını, ağıllı bir şəkildə risk ala bilməyi öyrənməyə çalışmalıdırlar.
 
 Gənclərimiz böyük müvəffəqiyyətlər qazanmaq istəyirlərsə, böyük düşünmək və o hədəfə çatmaq üçün dayanmadan çalışmaq məcburiyyətindədirlər.
 
 Rasim TANRIVERDİOĞLU
       www.asikuzu.com