Mütəşəbbis nəyə lazımdır?
Rasim Tanrıverdioğlu
30 Mart 2009 Bazar Ertəsi 21:00
        Hər iqtisadi, siyasi vəya ictimai sistemin bir öncəlikli amili vardır. Bazar iqtisadiyyatının ən mühim amili də sahibkarlar və mütəşəbbislərdir. Bazar iqtisadiyyatının müvəffəq olması üçün sahibkarlardan başqa amillərin də varlığına ehtiyac vardır.  Buna baxmayaraq digər amillər olmasa, sistem yavaşlasa da işləyəcəkdir. Amma sahibkarlar və mütəşəbbislər olmadan bazar iqtisadiyyatını həyata keçirmək imkansızdır.  Çünki sahibkar bazar iqtisadiyyatının qəlbidir.
 
        İndi keşək əsas mövzumuza. Sahibkar kimdir və nə işə yarayır? Bazar iqtisadiyyatında sahibkarın funksiyası nədir?
 
        1.“Sahibkar bazar iqtisadiyyatının qəlbidir” demişdik çünki sahibkar və ya mütəşəbbis yoxdursa, bazar istisadiyyatından bəhsetmək mümkün deyil. Sahibkar bazardakı tələbi müəyyən edir və tələbi qarşılamağa çalışır. Və ya insanlara faydalı olacağına inandığı yeni bir məhsul istehsal edir və onu cəmiyyətə tanıdaraq özünə bazar yaradır. Nəticə etibariylə sahibkar, insanların tələblərini qarşılayır və bunun qarşılığında da pul qazanır. Qısacası sahibkarsız bazar iqtisadiyyatından bəhs etmək mümkün deyil.
 
        2.Azərbaycan komunizmdən çıxmış bir ölkə olduğuna görə bir çox sahədə dövlətin müəssisəsi mövcuddur. Və dövlətin müəssisələri bir çox sektorda fəaliyyət göstərir. Halbuki bazar iqtsadiyyatında dövlət istehsalçı deyil, sadəcə tənzimləyici olmalıdır. Dövlət istehsalçı olmamalıdır deməyimizin səbəbi odur ki, dövlət bir sektorda fəaliyyət göstərirsə rəqabətə pis təsir edəcək. Ona görə də dövlət əlindəki müəssisələri özəlləşdirməli və sadəcə tənzimləyici rolunu oynamalıdır. Və ən mühim nöqtə odur ki, özəlləştirmədə iştirak edəcək sahibkarlar olmadan dövlətin müəssisələrini özəlləştirməsi mümkün deyil. Yəni almaq istəyən yoxdursa, sata bilməyəcək. Sata bilməsi üçün də, dövlət sahibkarlığı təşviq etməlidir.
 
        3.Sahibkarlar olmadan texnologiyanın inkişafı mümkün deyil. Birinci səbəb odur ki, texnologiya artıq çox sürətli inkişaf edir və yenilik adına çox böyük məbləğlərdə pul xərclənir. Sahibkar bu məbləği qarşılamağa razıdır çünki daha böyük məbləğ əldə edəcək. Ikinci səbəb də; dövlət hər nə qədər texnologiyanın inkişafını nəzəri baxımdan dəstəkləsə də həyata keçirməsi çox çətindir.
 
        4.Sahibkarlar olmadan işsizlik problemini həll etmək mümkün deyil. Çünkü insanların bir qismini dövlət işlə təmin etməyə çalışsa da, özəl sektor inkişaf etmədikcə işsizlik problemini tamamən həll etmək mümkün olmayacaq. Bazar iqtisadiyyatında dövlət istehsalçı deyil, sadəcə tənzimləyicidir demişdik. Bu “Bazar iqtisadiyyatında dövlətin özünə aid iş yerləri yoxdur” anlamına gəlir. Və işyeri olmayan birisinin əhalini işlə təmin etməsi mümkün deyil. Dövlət sadəcə olaraq insanların bir qismini məmur vəzifəsində istehdam edə bilər. Bundan başqa eləyə biləcəyi tək şey, sahibkarlığı təşviq edib, yeni iş yerlərinin açılmasına zəmin hazirlamaqdır.
 
        5.Bir ölkə ancaq və ancaq bir şeylər istehsal edib, sonra da ixrac edərsə həqiqi mənada qazanc əldə edəcəkdir. Ölkənin içində Əhməd`dən Məmməd`ə, Məmməd`dən Sona`ya gedən və bir neçə insanın arasında dövr edən pul həqiqi gəlir deyil.
 
        6.Lokal imkanları ancaq sahibkarlar və mütəşəbislər inkişaf etdirə bilərlər.
Məsələn Şəki`nin halvası məşhurdur, Göyçay`ın narı, Quba`nın da alması məşhurdur və s.
Bunlar dünya səviyyəsində gəlir mənbəyi olma potansiyalına sahib şeylərdir. Amma bir sahibkarın marağı, çalışması və kapitalı olmadığı müddətcə bu sahələri dövlətin inkişaf etdirməsi çox çətindir.
 
        Qısacası bazar iqtisadiyyatında sahibkar ən mühim amildir. Və sahibkar yoxdursa, bazar iqtisadiyyatı da yoxdur.

Rasim TANRIVERDİOĞLU
www.asikuzu.com