Bir Dost
Asəf Aray
26 Noyabr 2009 Cümə Axşamı 11:22
            Bir dostum var mənim. Çox sadə və çox incə. Hey məni axtardığını hiss edirem gecikincə. Bəzən fərqli olur evdən uzaqda olanda. Bəzən lazım olanda onu tapa bilmirəm ondan asılı olmayan səbəblərdən. Daima səssizdir, sakit-sakit mənə baxır onunla hər görüşümüzdə. Həmdə düz gözlərimin içinə. Onunla görüşməyimizdən çox razı olduğunu, buna çox sevindiyini hiss edirəm duruşundan. Heç ayrılmaq istəmir məndən, amma həmişə mən ayrılıram ondan həm də çx tez. Həmişə məni gözlədiyini bilirəm.  Çünki axtaran kimi tapıram onu ayrıldığımız məkanda. Ən çox onunla görüşürəm mən. Əlimə, üzümə sürtür üzünü.  Məndən ötrü çox darıxdığını, məni tez-tez görmək istədiyini hiss etdirir. Ən çox gecələr darıxır-çünki geceler çox az görüşürük onunla. Çox yatmağımdan şikayət edir mənə. Gecənin bərəkəti bir başqadır, görüşün dadı da bir başqa olur gecələr. Məni çox sevir bu dost. toxunduğum yerlərin izi görünür onun hər yerində. Məndən xatirə saxlayır hər şeyi. O heç bir şeyi unutmur. Mən bir şeylər fısıldayıram, o isə sakit-sakit qulaq asır. Bəzən çox duyğulanıram onunla görüşəndə. Bəzən dolur gözlərim. Az rastlansada ağlamağıma, həmin an gözümdən damlayanları bir-bir içinə çəkir. Deyəsən bu damlaları da məndən xatirə saxlayır dostum. Çox gözəl görünür hər görüşəndə.  Bir gül kimi açılır, bükülür hər gün. Yenilənir hər dəfə gözəl gül qoxusuyla. O da sevinir. O da qəmlənir. Dərdləşir mənimlə. Dərdimi şükrümü dinləyir səbirli-səbirli. O həm yer üzüdür, həm də göy üzü. Həm kiçikdir, həm də böyük.  Həm sirdaşlıq edir, həm də yoldaşlıq. O mənə həmişə aşağıdan yüxarı baxır. Hər görüşəndə ayaqlarımın altına düşən, mənə əsl dost olan mənim döstum... Mənim SƏCCADƏM.