Madaqaskar
Asəf Aray
06 İyul 2009 Bazar Ertəsi 17:08
        Bu gün həmişə ilk olaraq oxuduğum bir qəzetdə Madaqaskar adasında Türk Kollecinin məzuniyyət tədbirindən bəhs edən bir məqaləni oxudum.Sadə bir yazı mənə elə təsir etdiki hislərimi yazıya çevirmək istədim. Bir an neçə türkün, neçə Azərbaycan türkünün bu  adanı tanıdığını, neçəsinin bu adada olduğunu düşündüm. Bunlar bir tərəfə bu ada barədə nələr bilirik, dahada ötəsi oradakı insanları həyatımızda bir dəfədə olsun düşünmüşük?. Bizlərlə eyni kökdən olan qardaşlarımız bunları etməklə qalmayıb qürbəti vətən seçərək oralara gedib o insanlarla dərddaş olub insan yetişdirirlər.

        Bu ada məni həmişə cəlb etmişdir.Mənə hər zaman məcaralı gəlmişdir bu ada. Bəlkə ona görədir ki bu xəbər mənə bu qədər təsir etdi. Dünya xəritəsiə baxanda bu adanı həmişə anasından ayrılmış bir balaya bənzədirəm, bir simpatiyam var bu adaya.

        Afrika qitəsi ilə Mozambik kanalının ayırdığı dünyanın dördüncü böyük adası olan Madaqaskar iyirmi milyon əhalinin yaşadığı bir respublikadır. Rəsmi dili fransız dili və Malayasi dilidr. Əhalisinin təqribən yarısı yerli dinlərə, qalan 10 faizi islam, 40 faizi isə xristian dininə inanır. Vaxtilə Afrika qitəsindən ayrılan bu adanın əhalisinin yarıdan çoxu yoxsulluq həddinin (1.25 ABŞ dolları) aşağısında yaşayır. Belə bir adada bir türk məktəbi var həmdə dövlət və əhali tərfindən yüksək dərəcədə dəstəklənən bir türk məktəbi.Anadolu türkünün könül verdiyi bu insanlığa xidmət işi inanılmaz fədakarlıqlar sayəsində həyata keçir. Onlar bütün dünyaya türkün, müsəlmanın insanları necə sevdiyini müsəlmanın “terrorist” deyil elmlə, təhsillə məşğul olduğunu dunyaya yaşayaraq göstərirlər.

        Bir-birindən bahalı avtomobilləri, marka geyimləri, möhtəşəm malikanələri olan dünyanın turizm və əyləncə mərkəzlərinə yüz minlərini xərcləyən bizim zənginlərimiz Madaqaskarda bir məkəb açmağın insanı bu sadaladıqlarımdan daha çox şərəfləndirdiyini, daha çox rahatlatdığını daha çox qazandırdığını bilirlər? Artıq bizlərində bir şeylər etməyimizin vaxtı gəlməyib?  Hacı Zeynəlabdinlər bu əsrə imza atacaqlar yenə? Təhsil sahəsi bir tərəfə dursun Qarabağımız üçün dövlətimizin etdiklərindən başqa millət olaraq nə etmişik? Millət olaraq insanlığı qucaqlayan hədəfimiz var? Dünyanın dörd bir yanındakı insanları fikirləşib onların dərdləriylə dərdlənən insanımız, böyüklərimiz, ağsaqqallarımız var? Türk xalqının dünyanın hər küncünə yayılan bu fəaliyyətinin arxasında hədəfi və dərdi olan fərdlərin, böyüklərin və ağsaqqalların olmasıyla həyata keçmişdir və keçməkdədir. Neçə-neçə qurtulmağı gözləyən Madaqaskarlarda məzuniyyət həyacanı yaşayanlar və yaşayacaqlara salam olsun.
 
Asəf ARAY