Röya və Zamiqin konsertində insident
13 İyul 2010 Çərşənbə Axşamı 12:40
Röya və Zamiqin konsertində insident baş verib. Hərbçilərlə tamaşaçılar arasında dava düşüb.
Müğənni Röya və Zamiqin Qubada baş tutan konsertində tamaşaçılarla Daxili Qoşunların qüvvələri arasında insident yaşanıb. Bu barədə ANS PRESS-in bölgə müxbirinə Quba rayon polis şöbəsindən məlumat verilib.

Məlumata görə, iyulun 12-si axşam saat 20:00-da Quba İdman Olimpiya Kompleksində Röya və Zamiqin konserti zamanı təhlükəsizlik məqsədi ilə əraziyə yerləşdirilən Daxili Qoşunların əsgərləri ilə konsertə gələn tamaşaçılar arasında əlbəyaxa dava olub. Rayon polisinin əməkdaşları araya girərək insidenti yatıra biliblər. Nəticədə bir neçə yerli sakin bölməyə aparılıb, ifadələri alındıqdan sonra sərbəst buraxılıblar. Onlar bildiriblər ki, Röya və Zamiqi daha da yaxından görmək üçün ön sıralara can atsalar da asayişi qoruyan əsgərlər buna imkan verməyiblər və nəticədə dava yaranıb.

Quba rayon İcra Hakimiyyətindən isə ANS PRESS-in bölgə müxbirinə faktı təsdiqləyərək bildiriblər ki, baş vermiş hadisə 3 saat davam edən konsertin gedişatına heç bir maneəçilik yaratmayıb. Müğənnilərin təhlükəsizliyi tam təmin olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar