Röya balaca Hüseynlə işğal altında olan Fizuliyə gedib
13 Avqust 2010 Cümə 19:05
"Doğma Diyar" adlı layihənin daha bir konserti cəbhə xətti yaxınlığında keçirilib.
“Doğma Diyar” adlı layihənin daha bir konserti avqustun 12-də baş tutub. ANS PRESS-in məlumatına görə, konsert Azərbaycanın qədim, füsunkar təbiətli torpağı, ərazisinin müəyyən hissəsi erməni işğalı altında olan Füzuli rayonunun Horadiz qəsəbəsində, Dəmiryol Vağzalı meydanında keçirilib. Ənənəvi olaraq bu dəfə də səhnəyə ilk olaraq konsertin aparıcıları Samir Bayramlı və Sevinc Ağaşirinova çıxıblar.

Zamiq təqdimatdan sonra dünyaya gəldiyi Füzuli rayonunun səhnəsinə ev sahibi kimi çıxıb. Tamaşaçılar həmyerliləri Zamiqi hərarətli alqışlarla qarşılayıb. Müğənni də öz növbəsində Röya Ayxanı gül dəstəsi əlində səhnədə qarşılayıb. 6-7 min nəfərlik məkanda Zamiq və Röya düşməndən bir addımlıqda yaşayan həmvətənlərimizi əyləndirə bilib. Onlar estrada mahnıları ilə yanaşı, muğamlar da ifa edib ki, bu da konsertə xüsusi rəng qatıb.

Müğənnilər sevilən duetlərini də ifa ediblər. Röyanı bu dəfə də konsertində kiçik oğlu Hüseyn müşayiət edib.
Konsertin yadda qalan məqamlarından biri Füzuli rayon icra başçısı Nəbi Muxtarovun səhnədə səmimi etirafı olub. O, Röyanın pərəstişkarı olduğunu bildirib. Elə səhnədəcə N.Muxtarov Röyanın yaradıcılığı barədə ətraflı məlumat verərək etirafını təsdiqləyib. Konsertdə iştirak edən Füzuli rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Elman Məmmədov və “Nar mobile”in nümayəndəsi Farid Məmmədov da çıxış edib.

Müğənnilər konsertdən razılıqlarını ifadə edib: “Baxmayaraq ki, Füzuli döyüş xəttinə yaxın məkandır və problemlər çoxdur, böyük sevgi və qonaqpərvərliklə qarşılandıq. İstər rayon rəhbərliyi, istər yerli camaat xoş münasibətlərini əsirgəmədilər". Hər iki müğənni işğal altında olan torpaqlarımızın geri alınmasını və bu torpaqlarda konsert verməyi arzulayıblar.

Konsert zamanı SMS viktorinada iştirak edən və sualın düzgün cavabını 1111 nömrəsinə göndərən “Nar Mobile” abunəçiləri mobil telefon qazanmaq şansını əldə ediblər.

Konsertdən sonra rayon rəhbərliyi müğənnilərə ziyafət verib.

“Nar mobile”-ın sponsorluğu, “Ulduz” prodakşnın təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi dəstəyi ilə reallaşan “Doğma diyar” layihəsinin informasiya dəstəyi “Röya” jurnalına, eksklüziv yayım hüququ isə “Lider TV”yə məxsudur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar