Nüşabə Ələsgərli müxbirə "düdük" deyib
01 Mart 2011 Çərşənbə Axşamı 23:41
Müğənni jurnalistlərin onun DYP tərəfindən saxlanmasını kadrlara köçürməsini həzm edə bilməyib
Bakı şəhər Dövlət Yol Polisi əməkdaşlarının keçirdikləri reyd zamanı müğənni Nüşabə Ələsgərlinin avtomobili saxlanılıb. Polisə tabe olmadığına görə saxlanılan müğənni ilə reydi izləyən jurnalistlər arasında mübahisə düşüb. Jurnalistlərin ANS-ə verdiyi məlumata görə, müğənninin sürücüsü onlara yaxınlaşaraq iş proseslərinə mane olub, vəsiqələrini əllərindən alıb və onları təhqir edib.

“Efirdə səsləndi ki, müğənni Nüşabə Ələsgərli polisə tabe olmur. Biz də maraq göstərib yaxınlaşdıq. Müğənniyə sual verəndə, sürücü bizə hücum çəkdi və təhqir etdi”, - deyə jurnalist Elməddin Muradlı bildirib.

Digər təhqir edilən jurnalist isə Fərid Şahbazlı olub. Fərid Şahbazlı da açıqlamasında müğənninin sürücüsü tərəfindən təhqir edildiyini deyib.

Nüşabə Ələsgərli isə jurnalistləri günahlandırıb. Müğənni qələm əhli tərəfindən hörmətsizlik gördüyünü söyləyib. Müğənninin hörmətsizlik hesab etdiyi isə jurnalistlərin onun yol hərəkəti qaydalarını pozduğuna görə saxlanmasını kadrlara köçürməsidir.

Jurnalistlərin təhqir edilməsinə gəlincə, müğənni etiraf edib ki, yazarlardan birinə “düdük” deyib.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin şöbə müdiri Vaqif Əsədov isə Nüşabə Ələsgərlinin səhvən saxlanıldığını deyib. Onun sözlərinə görə, müğənni polisə tabe olmadığına görə yox, avtomobilində əlavə səs siqnalı quraşdırılması barədə məlumata görə saxlanılıb. Araşdırmalar zamanı isə avtomobildən səs siqnalı tapılmayıb və müğənni sərbəst buraxılıb.





DOSTLARINLA PAYLAŞ:

oyunlar