Hüseyn Dəryanın məhkəməsi
04 Mart 2009 Çərşənbə 12:20
Martın 6-da prokuror Hüseyn Dəryaya cəza istəyəcək

 

Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Mayıl Bayramovun sədrliyi ilə tanınmış rep ifaçısı Hüseyn Dəryanın (Muradov), Hikmət Şahverdiyev və Bəylər Qəmbərovun məhkəmə prosesi keçirilib. ANS PRESS-in məlumatına görə, məhkəmə zalında Hüseyn Dəryanın bacısı jurnalistlərin üstünə qışqırıb və onları təhqir edib. O, jurnalistləri qeyri-obyektivlikdə günahlandırıb: «Mən bilirəm siz qələmi haradan alırsınız. Yazdıqlarınız hər bir şey həqiqətə uyğun deyil».
Hakim Mayıl Bayramov isə jurnalistlərin prosesi işıqlandırmasından narazı olmadığını bildirib və həmçinin qeyd edib ki, mətbuata qadağa qoymaq olmaz.
Bu gün Hüseyn Dərya və digər iki nəfərin məhkəmə istintaqı yekunlaşıb. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. Proses martın 6-da davam etdiriləcək və həmin gün prokuror təqsirləndirilənlərə cəza istəyəcək.
İttiham aktına görə, H. Dərya Azərbaycan Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) və 228-ci (qanunsuz olaraq odlu silah, onun hissələrini saxlama), Hikmət Şahverdiyevlə Bəylər Qəmbərov 234.2.4-cü (satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb. H. Dərya 2008-ci il dekabrın 2-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən narkotik vasitə və bir ədəd qaz tapançası götürülüb.

Anar Məmmədov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar