“Eurovision-2011” təmsilçimiz seçildi
12 Fevral 2011 Şənbə 06:45
Ölkəmizi beynəlxalq müsabiqədə Eldar Qasımov-Nigar Camal dueti təmsil edəcək
Akademik Milli Dram Teatrında İTV-nin canlı yayımı ilə “Eurovision-2011”in milli seçim turu çərçivəsində final gecəsi keçirildi. Azərbaycanı “Eurovision-2011” mahnı müsabiqəsində təmsil etmək üçün beş finalçı - Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımova çıxış edib öz imkanlarını göstərdilər. İfaçıların hər biri 4 mahnıdan ibarət xüsusi repertuarla çıxış etdilər. Bir dəfə Azərbaycan, üç dəfə ingilis dilində mahnılar səsləndirdilər.

Üç saatlıq konsert proqramında finalçılarla yanaşı, Bakıda qonaq olan “Eurovision” ulduzları da Azərbaycan tamaşaçılarının görüşünə gəldi. Bu axşamkı şouda Azərbaycanın “Eurovision-2010” təmsilçisi Safura Əlizadə, Gürcüstan təmsilçisi Sofia Nijaradze, San Marinonun “Eurovision-2011”də təmsil edəcək nümayəndəsi Senit, İsveçrənin “Eurovision-2011”-dəki nümayəndəsi Anna Rossinelli və digər qonaqlar öz ifalarını təqdim etdilər.

Final konsertinə telekörpü vasitəsilə qoşulan “Eurovision TV”nin direktoru Yorqan Frank milli seçim turunun iştirakçılarına uğurlar arzuladı: “Sizi Cenevrədən salamlayıram. Bu gün ölkənizdə milli seçim turu olduğunu bilirəm. “Eurovision” müsabiqəsinin əhatə dairısinin genişlənməsinə şadam. Mən ümidvaram ki, Azərbaycan bu imkandan yararlanıb, milyonlara öz mədəniyyətini, musiqisini tanıdacaq”.

Finalçıların çıxışları başa çatdıqdan sonra münsiflər heyətinin üzvləri qalibi müəyyən etmək üçün məşvərətə getdilər. Münsiflərin qərarı tamaşaçıları və finalçıları xeyli intizarda saxladı. Fasilə dövründə müxtəlif ölkələrin “Eurovision” təmsilçilərinin klipləri yayımlandı. Nəhayət, uzun sürən məsləhətləşmələrdən sonra Azərbaycanı “Eurovision - 2011”də təmsil edəcək nümayəndənin adı açıqlandı - Eldar Qasımov və Nigar Camal!

Qalib münsiflər heyətinin ümumi qərarı əsasında müəyyən edildi. Münsiflərin qərarını açıqlayan İsmayıl Ömərov bildirdi ki, onlar ən ədalətli, düzgün qərar seçiblər: “Münsiflərə qərar vermək həqiqətən çox çətindir. Əslində biz bilirik kim güclüdür, amma yenə də çalışırıq elə seçim edək ki, iştirakçıların xətrinə dəyməyək. Amma biz sonda ən ədalətli, ən ideal bir qərara gəldik. Eldar Qasımov və Nigar Camal!”.

Eldar Qasımov 1989-cu ildə Bakıda anadan olub. 1995-2006-cı illərdə 160 saylı məktəbdə oxuyub. 2001-2005-ci illərdə 2 saylı musiqi məktəbində fortepiano sinfində musiqi təhsili alıb. 2008-ci ildə Almaniyada olarkən vokal dərsləri alıb. Almanca sərbəst danışır. 2006-2010- cı ildə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsində təhsil alıb. Hazırda həmin universitetin magistratura pilləsində təhsilini davam etdirir. Çox kiçik yaşlarından mahnı oxumağa başlayıb, Azərbaycan və Rusiyanın müxtəlif şəhərlərində təşkil olunmuş konsert proqramlarında iştirak edib.

Nigar Camal 1980-ci ildə Bakıda doğulub. 1985-1986-cı illərdə uşaq ansamblının solisti olub. 1988-1995-ci illərdə musiqi məktəbində təhsil aldığı müddətdə bir neçə mahnı da bəstələyib. 1996-cı ildə “Pöhrə” musiqi yarışmasında diplomla təltif olunub. 2005-ci ildən Londonda yaşayır. RnB, Soul, Pop janrlarında mahnılar ifa edir.

Məlumat üçün bildirək ki, münsiflər heyəti 7 nəfər üzvdən və 1 səsvermə katibindən ibarət olub. Münsiflər heyətinin sədri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərovdur. İ. Ömərovdan başqa, münsiflər heyətinə Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva, bəstəkar Faiq Sücəddinov, xalq artisti Zülfiyyə Xanbabayeva, "Qaya" qrupunun məşhur solisti Rauf Babayev və digər peşəkarlar daxil idi.

Qeyd edək ki, milli final konserti Azərbaycanın İctimai Televiziyası ilə yanaşı, Eurovision TV, TRT və Gürcüstanın İctimai Televiziyası ilə də canlı yayımlanırdı.






DOSTLARINLA PAYLAŞ:

oyunlar