Emil Şahin anası və bacısı Hadisəyə elçi düşüb?
22 May 2010 Şənbə 16:30
Emil Şahin gözəl müğənniyə vurulduğunu etiraf etdi.
Azərbaycanlı bəstəkar məşhur türk müğənnisi Hadisəyə qızıl boyunbağı hədiyyə edib. ANSPRESS-in məlumatına görə, Hadisə bu barədə bu gün "Kanal D" televiziya kanalında maqazin proqramlarının birində danışıb. Müğənninin boynundakı açar medalyonlu qızıl boyunbağının kim tərəfindən hədiyyə edildiyi soruşulduqda: “Azərbaycanlı bəstəkarın hədiyyəsidir. Anası və bacısı da mənimlə görüşüblər. Çox gözəl insanlardır”,-deyə cavab verib.

Hadisənin bu açıqlamasından sonra azərbaycanlı bəstəkarın anası ilə bacısının gözəl türk qızına elçi düşməsini düşünənlər də olub. Həmin bəstəkarın kimliyi verilişi izləyən hər kəsi maraqlandırdığı kimi, bizdə də maraq oyatdı. Qısa bir araşdırmadan sonra bu bəstəkarın Emil Şahin olduğunu öyrəndik. Sən demə, gənc bəstəkar Emil Şahin Hadisə ilə böyük bir layihə üzərində işləyir.

Hadisənin "Kanal D"-dəki açıqlamasından xəbərsiz olan Emil Şahin böyük bir layihə ilə bağlı Türkiyəyə getdiyini və Hadisə ilə orada görüşdüyünü, məşhur müğənniyə qızıl boyunbağı hədiyyə etdiyini təsdiqlədi. Gənc bəstəkar gözəl müğənninin çox bəyəndiyini boynuna alsa da, görüşlərinin sırf yaradıcılıqla bağlı olduğunu söylədi: "Hadisə ilə böyük bir layihə üzərində işləyirik. Hadisə gözəlliyi ilə milyonlarla tamaşaçının ürəyini fəth edə bilibsə, mənim ona vurulmağım heç kimə təəccüblü gəlməz. Bəli,mən bu qızın gözəlliyinin və ifasının vurğunuyam."

Bəstəkar hal-hazırda Hadisə ilə birlikdə “Follow my way” layihəsi üzərində işlədiyini bildirib. "Mahnının musiqisi və oranjimanı mənə, sözləri isə Zəhra Bədəlbəyliyə aiddir. Layihənin ideya müəllifi də mənəm",-deyə bəstəkar bildirib.

Mahnılarının sadəcə mahnı olaraq qalmasını istəmədiyini söyləyən Emil Şahin məhz bu səbəbdən “Follow my way” mahnısını böyük bir layihə şəklində hazırlayıb.

Bəstəkar, ən böyük arzusunun musiqilərinin Avropa ölkələrində tanınması olduğunu deyir: "Bu layihəni Hadisənin köməyi ilə Avropaya çıxarmaq istəyirəm. Hadisə Avropa ölkələrində tanınır, sevilir. Çünki, Hadisə türk qızı olsa da Belçikada yaşayır". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar