Bu gün Maykl Cekson ilidir
25 İyun 2010 Cümə 11:00
Bu gün Maykl Cekson ilidir. Pərəstişkarları bu gün onun Los - Ancelsdəki qəbrini ziyarət edə biləcəklər.
Bu gün dünya pop musiqisinin kralı Maykl Ceksonun ölümündən bir il ötür. İnformasiya agentliklərinin verdiyi məlumata görə, məhz bu gün müğənninin pərəstişkarları onun Los - Ancelsdə, Forest Lawn qəbirstanlığındakı qəbrini ziyarət edə biləcək. Xatirə tədbirində nizam-intizamı və təhlükəsizliyi təmin edəcək yerli hakimiyyət və hüquq mühafizə orqanları da artıq bu məlumatı təsdiqləyib. Bundan başqa, Maykl Ceksonun ailəsi sabah onun xatirəsinə həsr olunmuş gecə təşkil etməyi planlaşdırır. Beverly Hillsdəki Hilton otelində baş tutacaq bu tədbirdə müğənninin qohumları, sənət dostları və sadə pərəstişkarları iştirak edəcək.

Qeyd edək ki, Maykl Ceksonun vətəni İndiana ştatının Heri şəhərində müğənninin xatirəsinə həsr olunmuş muzey yaradılacaq. Muzeyin tikintisinə 300 milyon dollar xərclənəcək. Gələn il mayklsevərlərin ixtiyarına veriləcək muzeydə konsert salonu, müğənninin müxtəlif illərdə işıq üzü görən musiqi albomları, konsertlərində geyindiyi kostyumlar, ona aid müxtəlif əşyaların toplandığı sərgi qalereyası, həmçinin otel, restoran və kazino da olacaq. Heri şəhərinin meri hesab edir ki, Ceksona həsr olunmuş muzey şəhəri dünyaya tanıtmaqla yanaşı, hər il şəhər büdcəsinə təxminən 100 -150 milyon dollar cəlb edəcək. İl ərzində bu muzeyin 750 min nəfər tərəfindən ziyarət olunması gözlənilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar