ABŞ mətbuatı Səfurədən yazır
13 May 2010 Cümə Axşamı 11:15
Mütəxəssislər Səfurənin qələbə qazanacağını düşünürlər.
ABŞ-ın populyar “Haffinqton Post” internet qəzetinin müxbiri Uil Adams Azərbaycanın “Eurovision-2010” mahnı müsabiqəsində təmsilçisi Səfurə Əlizadənin Oslodan qalib qayıdacağını proqnozlaşdırır. “Drip-Drop” mahnısının videoklipini məqaləsinə əlavə edən “Eurovision” müsabiqəsinin daimi müşahidəçisi, Azərbaycanlı iştirakçının vokal qabiliyyətini yüksək qiymətləndirir.

Onun fikrincə, ifaçı mahnı sözlərinin onun doğma dili olmayan ingilis dilində tələffüzünün öhdəsindən də yaxşı gəlib. Uil Adams belə yüksək emosiya ilə ifa olunan mahnını dinlədikdən sonra “sevgilisini itirən qıza göz yaşlarını silmək üçün lap dəsmal vermək” istəyir.

“Haffinqton Post” qeyd edir ki, kiçik Azərbaycan üçün “Eurovision” mahnı müsabiqəsi daha böyük və sərvətli qonşuları ilə rəqabət aparmaq üçün səviyyəli platformadır. Bu istiqamətdə sərf edilən səyləri müşahidə edərkən, demək olar ki, Azərbaycan bu il müsabiqədə qələbə qazanmaq niyyətindədir. “Drip-drop” klipinin üzərində işləyən peşəkar komandanın dünyanın ən böyük ulduzları ilə işlədiyi qeyd edilən yazıda bildirilir ki, Azərbaycandan namizəd olan mahnı Bolqarıstanda Keşa və Lady Qaqa kimi məşhur ABŞ ifaçılarının mahnılarını geridə qoyaraq 1-ci olub.

Uil Adamsın fikrincə, bu ilki “Eurovision” müsabiqəsində əsas rəqabət finalda Almaniyanın namizədi Lena Mayer-Landrut və azərbaycanlı Səfurə Əlizadə arasında izləniləcək. Hər iki gənc ifaçının şansları yuxarı olsa da, mütəxəssislər səhnə mədəniyyəti və vokal qabiliyyətinə görə Səfurənin qələbə qazanacağını düşünürlər. Lakin hər şey Avropa tamaşaçısının əlindədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar