Vaqif Səmədoğlu “Şərəf” ordeni ilə təltif edilib
04 İyun 2009 Cümə Axşamı 21:40
İlham Əliyev Azərbaycanın Xalq şairini 70 illik yubileyi münasibəti ilə təbrik edib

 

Prezident İlham Əliyev şair Vaqif Səmədoğlunu 70 illik yubileyi münasibəti ilə təbrik edib. Məktubda bildirilir ki, ölkənin ədəbi-mədəni həyatında, həmçinin ictimai-siyasi sahədə yaxından iştirak etməklə V.Səmədoğlunun göstərdiyi fəaliyyət onun əsl vətəndaşlıq mövqeyinizin aydın ifadəsidir. «İnanıram ki, siz yeni əsərlərinizlə ədəbiyyatımızı daha da zənginləşdirəcək və xalqımızın milli mənəvi dəyərlərinin qorunub yaşadılması naminə bundan sonra da bacarığınızı əsirgəməyəcəksiniz»,-deyə məktubda vurğulanır.

Qeyd edək ki, İlham Əliyev respublikanın mədəni və ictimai-siyasi həyatında fəal iştirakına görə Vaqif Səmədoğlunun (Vaqif Səməd oğlu Vəkilov) “Şərəf” ordeni ilə təltif edilməsi barədə sərəncam verib.

Şair dramaturq, publisist Vaqif Səmədoğlu 1970-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, əməkdar incəsənət xadimi və Azərbaycanın Xalq şairidir (1999).

Vaqif Səmədoğlu 2000 və 2005-ci illərdə Milli Məclisin üzvü olub. O, 1939-cu il iyunun 5-də Bakı şəhərində anadan olub. Azərbaycanın xalq şairi Səməd Vurğunun oğludur.

Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968), «Oğuz eli» qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışıb. «Humay» mükafatı laureatıdır (1998). /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar